Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

FİRUZ fars.

firuz (əslində piruz) sözünün sonradan ərəbcələşdirilmiş formasıdır. Firuz Azərbaycan dilinə ərəb dilindən keçmədir, xoşbəxt, ağ günlü, bəxtiyar, həmçinin qalib, qalib gələn, uğurlu mənalarını ifadə edir.

Məlum olduğu kimi, ərəblərdə p səsi olmadığından piruz sözü firuz kimi işlədilmişdir. Lakin bu gün farslarda da, İranda yaşayan digər millətlərin nümayəndələri arasında da Piruz, Piruze şəxs adlarına rast gəlmək olar. Qeyd etmək lazımdır ki, İranda Firuz, Firuze də çox geniş yayılmış şəxs adlarındandır. Ümumiyyətlə, Yaxın Şərq ölkələrində dəbdə olan Piruz/Firuz kişi adının digər variantları da mövcuddur. Bunun əsas səbəblərindən biri və deyərdik ki, ən əsas səbəbi adın firuzə daşının adı ilə əlaqədar olmasıdır. Məlum olduğu kimi, qədim zamanlarda Şərq saraylarında hökmdarların barmağında firuzə daşlı üzük gəzdirmələri vacib hesab edilirdi. Şərqdə firuzə daşının da gümüş kimi bədnəzərdən, bəladan, xətərdən qoruması ilə bağlı inanc bugünə qədər gəlib çatmışdır. Lakin saraylarda hökmdarların firuzə daşlı üzük taxmalarının mütləq olması təkcə bu inancla əlaqələndirilmirdi. Belə ki, digər qiymətli daşlardan fərqli olaraq, firuzə daşının digər üstünlükləri məlumdur. Deyilənə görə, barmaqdakı firuzə daşının rəngi, əsasən, ağır ha- valı bağlı məkanlarda olarkən, eləcə də barmağında firuzə daşlı üzük olan şəxsin zəhər qatılmış yeməyi yeməyə başlaması və s. buna bənzər hallarda tamamilə dəyişir. Qədimdə hökmdarlar qarşısına gətirilən hər hansı yeməyi belə üzüklə asanlıqla yoxlaya bilirdilər, buna görə də firuzə daşlı üzük taxmaq hökmdarlar üçün vacib hesab edilir. Ərəblərdə eyni yazılış formasında olmasına baxmayaraq, ad həm Firuz, həm də Feyruz kimi tələffüz edilir. Azərbaycan dilində hər iki ad kişi adlarından hesab edilsə də, ərəblərdə zinət daşı mənasında olan Firuz da, Feyruz da qadın adları sırasındadır. Qeyd etmək lazımdır ki, Piruz, eləcə də Piruze şəxs adı qalib gəlmə, qalib, uğurlu anlamındadırsa, Firuz, Firuzə (bax: ad – FİRUZƏ) şəxs adları yalnız qiymətli zinət daşının adı ilə əlaqədardır. Bildiyimiz kimi, Azərbaycanda Firuz, eləcə də Feyruz kişi adına, Firuzə adına təsadüf edilir. Lakin məişətimizdə Firuz kişi adına nisbətən qadın adı Firuzə yarandığı dövrdən etibarən daha geniş yayılmışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti