Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HAMLET ing.

hamlet sözündən olub, dilimizə tərcümədə ev, kənd, həmçinin hər şeyə şübhə ilə yanaşan, cəld və qəti hərəkət etməyi bacarmayan mənasındadır.

İngilis dilində adın Hamlin, Hamlyn variantları da mövcuddur. Məlum olduğu kimi, Hamlet şəxs adı U. Şekspirin məşhur “Hamlet” faciəsinin qəhrəmanının adındandır. Əsər XX əsrin otuzuncu illərindən keçmiş sovet məkanında tamaşaya qoyulduğu andan çox sevilmişdi. Əsərin əsas qəhrəmanına – Hamlet surətinə olan sonsuz rəğbət keçmiş Sovet İttifaqında da Hamlet adının populyarlaşmasına səbəb oldu. Cənubi Qafqazın hər üç respublikasında yaşayan xalqların məişətinə Hamlet adı həmin dövrdə daxil olmuş, az bir zamanda geniş yayılmışdı. Ümumiyyətlə, ötən əsrdə U.Şekspir yaradıcılığına məhəbbət dramaturqun yaradıcılığında yer almış bir çox şəxs adlarının Azəbaycan dilində işlənməsinə səbəb olmuşdu. Maqbet (bax: ad – MAQ- BET), Ofeliya (bax: ad – OFELİYA), Amaliya (bax: ad – AMALİYA) və başqa adlar da bu günə kimi məişətimizdə geniş yayılmış şəxs adlarındandır. Azərbaycanda Hamlet adının məşhur daşıyıcılarından teatr və kino aktyorları Hamlet Qurbanov (1938-1995), Hamlet Xanızadə (1941-1990), riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru, professor, yazıçı, publisist, tərcüməçi, elm, mədəniyyət və təhsil tarixi mütəxəssisi, ədəbiyyat, dilçilik, fəlsəfə və tarixə dair əsərlərin müəllifi Hamlet İsaxanlı (İsayev; 1948) da Azərbaycanda adın məşhur daşıyıcıları arasındadır. XX əsrin yetmişinci illərindən artıq Hamlet kişi adı populyarlığını itirməyə başladı. Lakin Cənubi Qafqazın digər iki respublikasında bu gün də Hamlet adı populyarlığını saxlamış antroponimlər sırasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti