►Həddindən artıq əliaçıq, səxavətli, kasıb-kusuba əl tutan, qonaqpərvər adam haqqında işlədilən ifadə.
İfadə ərəb dünyasında tarixi şəxsiyyət kimi tanınmış Hatəmi Teyyin adından götürülərək yayılmışdır.
Hatəm (Hatəmi Tai) Ərəbistanın şimalında məskunlaşmış Teyy qəbiləsinin başçısı idi. Doğum tarixi bəlli olmasa da, eramızın 605-ci ilində dünyasını dəyişdiyi barədə məlumatlar vardır. Şeir yazdığı, şairlik etdiyi də iddia olunur. Guya çox böyük bir sərvətə və eyni zamanda səxavətə malik olan bu adam Şərq xalqları arasında əliaçıqlıq və alicənablığın rəmzi kimi tanınıb. Onun bu müsbət xüsusiyyətləri haqqında İranda, ərəb ölkələrində və Azərbaycanda rəvayətlər yayılmışdır. Həmin rəvayətlərin birində deyilir:
«Bir gün Hatəmdən dünyada ondan daha səxavətli bir adam olub-olmadığını soruşarkən o, müsbət cavab vermiş və başına gələn belə bir əhvalatı nəql etmişdir:
– Bir dəfə yolayrıcına çıxıb yeməyə, geyməyə möhtac adam axtarırdım. Bir də gördüm arxasında bir şələ odun haldan düşmüş, sümükləri çıxmış bir qoca gəlir. Bu yerdə onun qarşısına bir qadın çıxdı və dedi:
– Uşaqlarım ac və çılpaqdırlar. Bu soyuq gündə tir-tir əsirlər. Allah rizasına şələni mənə ver, barı yetimlər oda isinsin.
Qoca bir kəlmə danışmadan odunları qadına verdi və ayaqlarını çəkə-çəkə yenə meşəyə odun yığmağa getdi.
Bunu eşidənlər Hatəmə etiraz edib deyirlər ki, bir şələ odun nə böyük şeydir, sən hər gün minlərlə acın qarnını doyurursan.
Hatəm onlara belə cavab verir:
– Başa düşün, mən var-dövlət sahibiyəm, çoxdan verirəm, o isə yoxdan...»
Məsəllər, deyimlər