Reklam
Reklam

Məsəllər, deyimlər

İLAN ULDUZ GÖRMƏSƏ, ÖLMƏZ

►«Hər şərin öhdəsindən gələ biləcək bir xeyirxah qüvvə var, pis adamın qənimi ondan güclü olan xeyirxah adamdır» mənasında işlədilən ifadə.

Məsəlin qədim Şərq əfsanələrindən qaynaqlandığı ehtimal olunur.

Şәrqdә çiyinlәrindә iki ilan olan hökmdar Zöhhak ilanın rәmzi olub «Avesta»dakı «Aji Dahhaq» – «Әjdaha» sözündәndir. Qәdim әfsanәlәrdә isә әjdaha göydәn bәla yağdıran qara bulud – әjdәr hesab olunurdu. Bu qara bulud (әjdaha, әjdәr, yәni ilan) son nәticәdə işıq (günәş, ulduz) tәrәfindәn mәһv edilir.

İlk baxışda belə sual yarana bilər ki, ilanın ölmәsinin ulduzla nә әlaqәsi vardır? Amma prof. M.Adilov izah edir ki, hәr iki sözün kökü «yıl» sözüdür: yıl-an, yıl-dız. Onun fikrincə, ən qәdim insanların tәfәkküründә bir-birinә zidd olan mәfhumlar eyni sözlә ifadә edilir. Qәdim «yıldız» işığın, «yılan» isә qaranlığın rәmzi idi. Şər qüvvәlәrin, şәrin rәmzi olan «Yılan» bizim dilimizdә «Yel baba» şәklindә, «yıl», «jıl» şәklindә isə bir sıra türk dillәrindә ifadә olunurdu. Canlı tәsәvvür edilәn «yıl» («Yel baba») ulduz görünәndә çәkilib gedir, «ölür». Sәbәblә nәticәni dolaşıq salan qәdim insan yıl//yel (vә nәhayәt, yıldız) ilə ilanın әlaqәsini belә başa düşürdü. Әslindә isə məhz yel, çovğun kәsәndә ulduz görünür. «Ölәn» ilan yox, ilanın rәmzi olan yeldir.

Müasir dilimizdә bu ifadә hәm hәqiqi, hәm dә mәcazi mәnada işlәdilir.

Məsəllər, deyimlər