ildırım şimşək, havada yığılmış atmosfer elektrikinin çox vaxt əyri-üyrü zolaq şəklində ani parıltısıdır. Bədii ədəbiyyatda iti, sürətli, cəld kimi məcazi mənalarda işlənir.
İldırım kişi adı Azərbaycan antroponimikasında ləqəblərdən yaranmış şəxs adları sırasındadır, Osmanlı sultanı Bəyazidin ləqəbindəndir. Tarixdən məlumdur ki, Əmir Teymurun böyük mücahid adlandırdığı Osmanlı sultanı, I Muradın oğlu İldırım (Yıldırım) Bəyazid (1360-1403) 1381-ci ildə dövlət idarəsində təcrübə toplasın deyə Kütahyaya qubernator təyin edilmişdi. Sonradan, 1389-cu ildə Birinci Kosova döyüşünə qatılaraq böyük qəhrəmanlıq göstərmişdi. Döyüşlərin birində atası Sultan Muradın bir serbli tərəfindən qətlə yetirilməsindən sonra İldırım Bəyazid Osmanlı taxtına keçmişdir. Bir çox döyüşləri qələbə ilə başa vuran cəsur sultan İldırım Bəyazid iki böyük türk xaqanının qarşı-qarşıya gəldiyi döyüşdə məğlub olaraq əsir düşmüş, əsirlikdə olarkən kədərdən və nəfəs çatışmazlığından dünyasını dəyişmişdir. İldırım kişi adı bu gün də məişətimizdə geniş yayılmış şəxs adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti