Reklam
Reklam

Məsəllər, deyimlər

İLK QARANQUŞ

►Nəyinsə yaranmasının, başlanmasının, oyanması və yenilənməsinin ilkin əlamətlərini bildirən ifadə.

İfadə qədim yunanların «bir qaranquşun gəlişi ilə hələ bahar gəlməz» qənaətindən yaranaraq yayılmışdır.

Mülayim iqlimin hakim olduğu ölkələrdə qaranquş baharın elçisi hesab edilirdi. Amma qədimdə yaşayanlar bir şeyə də diqqət yetirmişdilər ki, baharın gəlişinə tam əmin olmaq üçün bir qaranquş kifayət deyil – məhz ilk qaranquş çox vaxt aldadıcı olur. «Una hirundo non facit ver» – «Tək qaranquş baharı gətirməz» – hələ Qədim Romada deyirdilər.

Bununla bağlı Ezop da bütün sərvətini itirmiş axmaq oğlan haqqında təmsil yazmışdır. O yalnız plaşını saxlayır, amma ilk qaranquşu görən kimi onu da satır. Şaxtalar qayıdır və oğlan öz axmaqlığının cəzasını alır. İ.A.Krılovun Ezopun təmsilindən qaynaqlanan «Bayquş və Qaranquş» təmsili vardır. Orada çoxlu miras almış bir «ağıllı»dan və onun kürkdən başqa hər şeyi satıb xərcləməsindən bəhs edilir. Amma o, qaranquşu görən kimi kürkü də satır. Qəfildən şaxta gəlir, qaranquş ölür. «Ağıllı» isə soyuqdan dişi-dişinə dəyə-dəyə və onu «aldatmış» qaranquşu söyə-söyə çılpaq şəkildə gəzir.

Biz «Ah, ilk qaranquş!» deyəndə xoşagələn hadisələrin ilkin əlamətlərinə işarə edirik. Ehtiyatlı insanlar isə deyirlər: «Bir qaranquş baharı gətirməz» – onlar tez arxayın olmaq, hadisələri qabaqlamaq haqqında xəbərdarlıq edirlər.

«Bir qaranquş baharı gətirməz» ifadəsinin qarşılığı kimi dilimizdə «bir gül ilə bahar olmaz» deyimi işlənir.

Məsəllər, deyimlər