Tibet və Çinin Daxili Monqolustan vilayətində, Monqolustan, Nepal və Hindistanın bəzi bölgələrində geniş yayılmış buddizm cərəyanı.
VII əsrdə buddizm Hindistandan Tibetə keçib və VIII əsrin sonunda burada hakim dinə çevrilib. Buddizm əsasında L.-in formalaşması prosesi də məhz Tibetdə başlanıb. Onun nəzəri əsasları XIV əsrə kimi tərtib olunmuş iki əsas qanunda – Kancur və Tancurda, habelə məşhur lamaların əsərlərində öz əksini tapıb. L.-də həm tərkidünyalıq və seyrçilik, həm də magiya və yerli allahlara etiqad bir-biri ilə çulğaşıb. Bu təlimdə lama kultu mühüm rol oynayır. Hər bir dindarın lamanın şəxsində müəllimə malik olması və sonuncunun bütün məsləhətlərinə sözsüz əməl etməsi L. təliminin əsas tələblərindən sayılır.
Tarix terminləri lüğəti