Reklam
Reklam

Tarix terminləri lüğəti

lend-liz

ing. lend-lease < lend – borcvermə + lease – icarəyə vermə

II Dünya müharibəsi (1939–1945) dövründə ABŞ-ın antihitler koalisiyası ölkələrinə silah, döyüş sursatı, strateji xammal, ərzaq, müxtəlif mallar və xidmətləri borc və ya icarəyə verməsi sistemi.

L-L. haqqında qanun ABŞ Konqresi tərəfindən 1941-ci il martın 11-də qəbul edilib və formal cəhətdən 1946-cı il iyunun 3-dək qüvvədə olub. Lakin 1945-ci il avqustun 23-də ABŞ hökuməti L-L. üzrə təchizatın dayandırıldığını bəyan edib (Çində homindançılar istisna olmaqla). 1941–1945-ci illərdə ABŞ-ın L-L. üzrə xərcləri 46 mlrd. dollar təşkil edib. Bunun 30,26 mlrd. dolları Britaniya imperiyasının, 9,8 mlrd. dolları SSRİ-nin, 1,4 mlrd. dolları isə Fransanın payına düşüb. Sovet, sonra isə rus tarixi ədəbiyyatında L-L.-in əhəmiyyətini azaltmaq cəhdlərinə baxmayaraq, ABŞ-ın bu yardımı nasist Almaniyasının darmadağın edilməsində mühüm rol oynayıb. Belə ki, 1942-ci ildə SSRİ ilə Böyük Britaniya öz iqtisadi gücünə görə Almaniya və onun müttəfiqlərindən 0,9:1 nisbətində geri qalıb. Məhz ABŞ-ın L-L. üzrə yardımı nəticəsində bu nisbəti antihitler koalisiyasının xeyrinə dəyişmək mümkün olub. L-L. proqramı üzrə SSRİ 18 min hərbi təyyarə, 11 min tank, “Katyuşa” reaktiv artilleriya qurğuları üçün 20 min avtomobil və s. hərbi texnika alıb.

Tarix terminləri lüğəti