Reklam
Reklam

Məsəllər, deyimlər

MALBRUK SƏFƏRƏ HAZIRLAŞIR

►Adətən, uğursuz olacağı əvvəlcədən bilinən səfərə çıxan lovğa, təkəbbürlü, öz imkanlarını lazım olduğundan artıq qiymətləndirən adamlar haqqında kinayə ilə işlədilən ifadə.

İfadə Avropada diplomat və sərkərdə kimi məşhur olmuş Malbrukun adı ilə bağlı yaranmışdır.

Əslində, ifadə XVIII əsrdə ingilis hersoqu Con Çörçil Malboro (fransızlarda: Malbruk) haqqında yazılmış bir fransız mahnısının ilk sətridir. Mahnıda qadının öz müharibəyə getmiş ərini gözləməsindən bəhs edilir. Vaxt keçir və nəhayət, poçtalyon Malbrukun öldürülməsi haqqında xəbər gətirir. Poçtalyon həm də qadına təsəlli vermək üçün zabitlərin öz komandirlərini son mənzilə necə yola salmasından danışır, zabitlərin onun zirehini, qalxanını, uzun qılıncını necə aparmalarından bəhs edir.

1812-ci ildə Vətən müharibəsi zamanı Malbruk haqqında mahnı rus dilinə tərcümə olundu və Rusiyada çox məşhurlaşdı. Lakin rus variantında mahnının mətni çox dəyişdirilmişdi: orada döyüşdə deyil, qorxudan ölən sərkərdədən danışılırdı, təbii ki, bu variant Napoleona qarşı yönəlmişdi.

Getdikcə «Malbruk səfərə hazırlaşır» ifadəsi məcazi məna aldı: ya lovğa, öz imkanlarını lazım olduğundan artıq qiymətləndirən adam haqqında, ya da harasa getməyə, haranısa «fəth etməyə» hazırlaşan, amma bunun uğursuz olacağını əvvəlcədən bilən insana münasibətdə kinayə ilə işlədilir.

Məsəllər, deyimlər