Reklam
Reklam

Tarix terminləri lüğəti

mart qırğınları

Bolşevik-daşnak alyansının Azərbaycan milli hərəkatını sarsıtmaq məqsədilə 1918-ci ilin martında öncə Bakıda, sonra isə ölkənin digər bölgələrində azərbaycanlılara qarşı həyata keçirdikləri qətliam.

30 minə yaxın (o cümlədən Bakıda 12 min) insanın qətlə yetirildiyi bu qırğınlar Xəzəryanı bölgələrdə azərbaycanlı əhalinin sayını maksimum dərəcədə azaltmaq, Cənubi Qafqazda Azərbaycan adlı siyasi-inzibati vahidin yaranmasına mane olmaq üçün törədilib. Həmin planın gerçəkləşməsi üçün ideoloji baza da hazırlanıb. Bakı neft rayonunun iqtisadi baxımdan Azərbaycanın digər hissələri ilə heç bir əlaqəsi olmadığını iddia edən bolşeviklər bu şəhərin və onun ətrafındakı ərazilərin Rusiyaya birləşdirilməsinə şərait yaratmağa çalışıblar. Bakı və Yelizavetpol (Gəncə) quberniyalarının geniş ərazilərinin gələcək erməni dövlətinin tərkibinə qatılması, Şəki-Zaqatala bölgəsinin Gürcüstana verilməsi də qeyd edilən planın tərkib hissəsi olub. Lakin 1918-ci ilin M.Q. nəticəsində Bakıda hakimiyyəti ələ keçirən bolşevik-daşnak bloku öz strateji məqsədlərinə nail ola bilməyib. M.Q. Azərbaycan milli hərəkatını məhv etməyib, əksinə, onun daha da radikallaşmasına gətirib çıxarıb. Həmin qırğınlardan öncə milli qüvvələr muxtariyyət tələb edirdilərsə, sonradan Azərbaycanın tam dövlət müstəqilliyi xəttini götürüblər.

Tarix terminləri lüğəti