lat. medium – ara, vasitəçi + yun. logistike – hesablamaq, düşünmək bacarığı
1. Media idarəçiliyinin yeni forması, müxtəlif kütləvi informasiya vasitələrinin menecmentinin onlayn sistemdə ardıcıl və asan həyata keçirilməsini təmin edən texnoloji proses.
M. bütün kontent sahiblərinə, ilk növbədə, ənənəvi kütləvi informasiya vasitələrinə məhsulun hazırlanması, ötürülməsi və satışını sürətləndirmək, bunun üçün yeni kommunikasiya vasitələrindən, sosial şəbəkələrdən istifadə etməklə vaxt və maddi vəsait itkilərini azaltmağa yardım göstərmək məqsədilə yaradılıb. Misal: «Medialogistika platformasının bazarı 2018-ci ilə 400 milyon funt-sterlinqə çatacaq: artımı ənənəvi kütləvi informasiya vasitələri stimullaşdırır» (Böyük Britaniyanın İTProPortal texnoloji xəbər və təhlil agentliyi).
2. Kommersiya təşkilatlarının marketinq siyasətində media ilə bağlı bütün tədbirlərin planlaşdırılmasını, yerinə yetirilməsini, informasiyanın son hədəfə çatdırılmasını nəzərdə tutan proses.
M.-nın məhsulun prezentasiyasının, satışının yeni mediatexnologiyalarından istifadə etməklə (məs.: onlayn rejimdə) həyata keçirilməsi, istehlakçılar üçün xüsusi şəbəkələr yaradılması və bu kimi üsulları getdikcə yayılır. ABŞ-ın, Avropa ölkələrinin bir çox iri kommersiya strukturlarının saytlarında M. üzrə əlaqələndirici vəzifəsinə müsabiqə elanlarına tez-tez rast gəlmək mümkündür.
Jurnalistika terminləri lüğəti