1. Gedilən yolun bölündüyü hissələrdən hər biri; iki dayanacaq arasında məsafə.
2. Gedilən yer, yolun sonu.
3. Ümumiyyətlə, yol, məsafə.
4. Düşərgə yeri, dayanacaq. (“Koroğlu” dastanının lüğəti)
Uzaq ellərdən gəlmişəm,
Dindirmə məni, dindirmə!
Yarı mənzildə qalmışam,
Dindirmə məni, dindirmə!
(“Koroğlunun Qars səfəri”)
*
Elə ki arxayınlaşdı, day dalınca gəlib-eləyən yoxdu. Bir bulağın başında düşüb mənzil elədi. (“Koroğlunun Bayazid səfəri”)
*
Qarı düşmən güc gətirdi,
Qocaldım, Nigar, qocaldım.
Mənzilim başa yetirdi,
Qocaldım, Nigar, qocaldım.
(“Koroğlunun qocalığı”)
*
Pay-piyada, günə bir mənzil, təyyi-mənazil, orda ayla, illə, burda müxtəsər dillə, az getdi çox dayandı, çox getdi az dayandı, bir axşamüstü gəlib Çardaqlı Çənlibelə çatdı. (“Həmzənin Qıratı aparmağı”)
*
Düşmən mənzildən çıxıb yolun ortasına çatanda Qırat ayaqlarını yerə döyür. Düşmən yaxınlaşdıqca Qıratın ağzı köpüklənir, dırnaqları ilə yeri qazır. (Paris nüsxəsi, 5-ci məclis)
Azərbaycan dastanlarının leksikası