►Hər hansı işin, fikrin reallaşdırılması zamanı ağıla gələn ən xoşagəlməz variantın baş verdiyini bildirən ifadə.
İfadə Amerika aviasiya mühəndisi Eduard Mörfinin (1918–1990) adı ilə bağlı yaranmışdır.
Təcrübəli E.Mörfi 1949-cu ildə Kaliforniyadakı aviabazada xidmət edərkən gözlənilməz hadisə ilə qarşılaşır. Təyyarələrdən birini uçuşa hazırlamağı assistentinə tapşıran mühəndis sınağın baş tutmamasından heyrətə gəlir. Bunun səbəbini diqqətlə araşdırarkən məlum olur ki, işi tapşırdığı köməkçi heç ağıla gəlməyən bir düyməni basıb və bununla da bütün işləri korlayıb. Bununla bağlı Mörfi belə demişdir: «Bir işi belə yox, elə etmək lazımdırsa, bu oğlan həmin işi mütləq belə edəcəkdir». Yəni ən arzuolunmaz və ağılın ucundan keçən ən pis variantı o seçəcəkdir. Buna bənzər fikirlərin əvvəllər XIX əsrdə də olduğu barədə məlumatlar vardır.
«Mörfi qanunu» ifadəsini 1956-cı ildə layihə rəhbəri Corc Nikols dövriyyəyə gətirib. O, ABŞ-ın məşhur jurnallarından birində dərc etdirdiyi məqalədə qeyd edirdi ki, hər hansı işdə bir xoşagəlməzlik gözlənilirsə, o, mütləq baş verəcəkdir. Məqalənin məğzi ondan ibarət idi ki, bütün hazırlıqlara baxmayaraq hər hansı bədlik gözlənilirsə, ondan yan keçmək mümkün olmayacaq.
1927-ci ildə Los-Ancelesdə Artur Bloxun «Mörfi qanunu və işlərin tərs getməsinin başqa səbəbləri haqqında» kitabının çap olunması bu ifadənin daha da populyarlaşmasına təkan vermişdir.
Məsəllər, deyimlər