Reklam
Reklam

Məsəllər, deyimlər

NƏ YAXŞI Kİ ALLAH DƏVƏYƏ QANAD VERMƏYİB...

Kiçik vəzifəli və aşağı rütbəli adamın böyüklük iddiasına düşdüyünü, ətrafdakılara amansız münasibət bəslədiyini bildirmək üçün işlədilən ifadə.

İfadə xalq arasında yayılmış bir rəvayətdən götürülmüşdür.

Rəvayətə görə, göyərçinlər qanad çalıb mavi səmada uçduqları zaman çöldə otlayan bir dəvə onları seyr edir, quşların belə asan, yüngül uçub cövlan elədiklərini görərək dərindən ah çəkib deyir:

– Ah, kaş mənim də bu göyərçinlər kimi qanadım olaydı!

Bir az aşağıdan uçan quşlardan biri dəvənin yanıqlı-yanıqlı dediyi bu sözləri eşidib onun arzusunun səbəbini soruşur.

Dəvə cavab verir ki, heç bilirsənmi qanadım olsaydı, nə olardı? Mən uçanda dağ-daş gur-gur guruldayardı. Damların üstünə qonub evləri uçurardım, təpiyimlə aləmi dağıdardım, qanadlarımla ağacları, bağçaları, bağları viran qoyardım...

Göyərçin dəvənin sözünü ağzında yarımçıq qoyub deyir:

– Bəsdir, mətləbini başa düşdüm. Elə yaxşı olub ki, bu arzun ürəyində qalıb. Sənin qanadın olsaydı, uçurmamış dam-daş qoymazdın.

İfadə tam halda «Nə yaxşı ki Allah dəvəyə qanad verməyib, yoxsa uçurmadığı dam-daş qoymazdı» şəklində işlənir.

Məsəllər, deyimlər