lat. nota – işarə, qeyd, mülahizə
Bir ölkənin hökumətinin digər ölkənin hökumətinə rəsmi diplomatik müraciəti.
N. iki cür olur: verbal və şəxsi. Diplomatik praktikada verbal (lat. verbalis – şifahi) N.-ya daha tez-tez rast gəlinir. Bu zaman müzakirə mövzusu olan məsələ yazılı formada açıqlanır. Verbal N. üçüncü şəxsin adından yazılır, xüsusi blankda çap olunur və imzasız təqdim edilir. Lakin verbal N.-ya xarici işlər idarəsinin və ya diplomatik nümayəndəliyin möhürü vurulur, həmçinin ünvan göstərilir. O, şifahi bəyanata bərabər tutulur. Şəxsi N. isə, adətən, mühüm və prinsipial əhəmiyyətli məsələlərə həsr edilir. Şəxsi N. birinci şəxsin (onu imzalayanın) adından yazılır, möhürsüz xüsusi blankda çap olunur və burada da ünvan göstərilir. Hər bir halda N. bu və ya digər problemə dair dövlətin rəsmi mövqeyini əks etdirir. Diplomatik praktikada N.-lar mübadiləsi beynəlxalq sazişlərin bağlanmasının bir forması sayılır. N., bir qayda olaraq, fərdi diplomatik aktdır, bununla belə, müasir təcrübədə kollektiv N.-lara da təsadüf edilir.
Tarix terminləri lüğəti