yun. pascha < qəd. yəh. pesach – hərfi mənası: keçmə, keçiş
İudey və xristian bayramı.
Mənşəyi etibarilə P. qədim sami tayfalarında mal-qaranın yazda balalaması ilə əlaqədar keçirilən bayrama gedib çıxır. Həmin tayfaların oturaq həyat tərzinə və əkinçiliyə keçməsi ilə (e.ə. XIII–XII əsrlər) P. biçinin əvvəlində təşkil olunan əkinçilik bayramına çevrilib. İlk məhsuldan duzsuz qoğal (matsot) bişirmək adəti də buradan yaranıb. Yəhva kultunun inkişafı ilə əlaqədar P. sonradan iudaizmdə yəhudilərin Misiri tərk etmələrinə həsr olunmuş bayrama çevrilib. Xristianlıq isə P. bayramına öz məqsədlərinə uyğun yeni məzmun verərək onu İsa Məsihin iztirabları, din yolunda özünü fəda etməsi, onun ölümü və yenidən zühuru haqqında əsatirə bağlayıb. İlkin dönəmlərdə yəhudi və xristian P.-ları eyni gündə keçirilib. Lakin 325-ci ildə Nikeyada keçirilən Ümumdünya xristian kilsə yığıncağında qərara alınıb ki, xristian P.-sı yəhudi P.-sından bir həftə sonra keçirilsin. Bu tarix isə aprelin 4-dən mayın 8-dək olan dövrə düşür.
Tarix terminləri lüğəti