Reklam
Reklam

Məsəllər, deyimlər

QARANLIQ OTAQDA QARA PİŞİK AXTARMAQ

►Mümkün olmayan bir işlə məşğul olmaq, hədər yerə zəhmət sərf etmək.

Bütün dünyada məşhur olan bu zərbi-məsəlin qədim Çin filosofu Konfutsinin (e.ə. VI əsr) əsərlərindən qaynaqlandığı ehtimal edilir.

İfadə Konfutsinin «Lun yuy» traktatında tam şəkildə belədir: «Qaranlıq otaqda qara pişiyi axtarmaq çətindir, xüsusən də orda yoxdursa». İngilis mətbuatında bu ifadə 1880-ci illərdən məşhurdur. 140 ilə yaxındır ki, o ən müxtəlif müəlliflərə – R.U.Emersona, L.Balfura, H.L.Menkenə, Ç.Darvinə aid edilirdi.

Amerikalı esseist Klifton Feydimanın «Mən inanıram» (1939) kitabında ilahiyyatçının filosofla dialoqu göstərilmişdir: «Filosof qaranlıq otaqda, əsasən də olmayan qara pişiyi axtaran kora bənzəyir». – «İlahiyyatçı isə bu pişiyi tapır».

«Oksfordun sitatlar lüğəti»ndə Çarlz Bouenə aid edilən ifadə belədir: «Mən buna bənzər hallarda bərabərlik haqqında eşidəndə qaranlıq otaqda, əsasən də olmayan qara şlyapanı axtaran koru xatırlayıram».

«Qaranlıq otaqda qara pişik» ifadəsi daha əvvəl yaranmışdır, fəqət pişiyi tutmaq deyil, elektrik əldə etmək məqsədilə tumarlamaq nəzərdə tutulurdu. Miçiqan ştatının senatoru L.D.Norris 2 fevral 1869-cu ildə universitet tələbələri qarşısında çıxış edərək «qaranlıq otaqda qara pişiyi tumarlayaraq əldə edilməsi mümkün olan böyük qığılcım» haqqında danışmışdı. Qaranlıq otaqdakı pişik məhz qara olmalıdır, çünki «o, ağ pişikdən iki dəfə çox elektrik buraxır» deyə 1888-ci ildə Amerika jurnallarının birində yazılmışdır.

Məsəllər, deyimlər