►Pulun, var-dövlətin çoxluğunu, zənginliyi və firavanlığın olduğunu bildirən ifadə.
İfadə «İncil»də Misirdən qaçan israillilərin səhrada qızıldan buğa düzəldib ondan imdad istəmələri ilə bağlı əhvalatdan qaynaqlanaraq yayılmışdır.
«İncil»ə görə, Misirdən qaçandan sonra israillilər səhrada gəzib-dolaşır, ərzaq, sığınacaq və eyni zamanda vəziyyətdən çıxış yolu axtarırdılar. Çıxış yolunu isə onda gördülər ki, qızıl-zinət əşyalarından buğa düzəldib ona tanrı kimi sitayiş etməyə başladılar. Belə nəql olunur ki, məhz bu buğa heykəlciyi sayəsində onlar Misir əsarətindən tam xilas ola biliblər.
Əslində, buğa lap qədimdən əksər xalqlarda müqəddəs heyvan sayılırdı. Qədim Misirdə Apis adlanan buğanı məhsuldarlıq tanrısı hesab edərək ona sitayiş eləyirdilər. Məbədlərdə Apisə həsr edilən müqəddəs buğalar saxlayırdılar. Belə buğanın ölümü ümumxalq matəminə səbəb olurdu, onu insan kimi mumiyalayır və məbəddə dəfn edirdilər. Dəfn mərasimi bitər-bitməz yeni müqəddəs buğanın seçimi ümumxalq bayramı kimi qeyd olunurdu.
«İncil»də göstərilən rəvayətdən bəri «qızıl buğa» sözləri pulun, qızılın hakimiyyətini təcəssüm edir. Bu mənada dünyanın bir çox böyük banklarının və beynəlxalq maliyyə qurumlarının qarşısında qızıl buğa abidəsinin qoyulması heç də təsadüfi deyildir.
Məsəllər, deyimlər