Reklam
Reklam

Məsəllər, deyimlər

QOYURSUNUZ Kİ?!

►Birinə iş görməyə, düşündüyünü gerçəkləşdirməyə imkan verməyəndə istehza ilə işlədilən ifadə.

Dilimizdə kifayət qədər geniş yayılmış bu maraqlı ifadə «Mozalan» satirik kinojurnalından götürülmüşdür.

Jurnalın «Arzu» adlı süjetində sərxoş adam (aktyor – Fazil Salayev) metroya girmək istəyir. Lakin heç vaxt ayıq olmadığı üçün bu arzusuna çata bilmir, yəni milis işçiləri onu metroya buraxmırlar.

Növbəti dəfə də sərxoş halda metroya daxil olmaq istəyərkən milis nəfəri onu yenə yaxalayır. Bu dəfə də metroya girməyin mümkünsüzlüyünü görən adam milisə metro, onun necə olması, qatarların hərəkəti barədə suallar verir. Ömründə metro görməyən, onun nə olduğunu bilməyən bu adamın suallarından heyrətlənən milis:

– A kişi, neçə ildir ki, Bakıda metro açılıb, sən hələ minməmisən? – deyə soruşur.

– Qoyursunuz ki! – deyə adam dərin təəssüfünü bildirir.

Məsəllər, deyimlər