Reklam
Reklam

Məsəllər, deyimlər

QUŞU QONMAQ

►Bəyənmək, ürəyinə yatmaq, çox xoşuna gəlmək, istәk.

İfadə qədim insanların ruh haqqında təsəvvürlərindən qaynaqlanır.

Qәdim təsәvvürlәrә görә, insanın varlığı bәdәn və ruhdan (cisim vә candan) ibarәt hesab olunur vә ruh (can) quş şәklindә tәsәvvür edilirdi. Dilimizdә poetik obraz kimi işlәnәn «könül quşu», «can quşu», «qәlb quşu» ifadәlәri, әslindә, bu yanlış tәsәvvürlә әlaqәdardır. Bu könül quşu bәdәni tәrk edәrkәn insan ölürmüş. Nağıllarımızda divlәrin canı (can quşu) ayrıca şüşәdә saxlandığından onların, adәtən, göyәrçinlәr olduğundan bәhs edilir. Başqa sözlә, bu mәnәvi quşu ideal alәmi maddilәşdirәn insan uydurmuşdu.

Sonralar hәmin tәrkiblәrdәn «könül», «can», «qәlb» sözləri atılmış, yalnız «quş» sözü saxlanmışdır (dilçilikdә belә hadisәyә «semantik sıxılma» deyilir). «Quşu qonmaq», yәni könlü, ürәyi, qәlbi qonmaq.

Maraqlıdır ki, qәdim şumerlәr «tale» anlayışını quş şәklindә tәsәvvür edirdilәr, әrәblәrdә «quş» tale rәmzi sayılır.

Məsəllər, deyimlər