Reklam
Reklam

Tarix terminləri lüğəti

samuraylar

yap. samurau – xidmət etmək

1. Geniş anlamda: Yaponiyada iri feodallardan xırda zadəganlara qədər dünyəvi feodallar.

2. Məhdud və daha tez-tez işlənən mənada: xırda zadəganların nümayəndələrindən ibarət hərbi-feodal silki.

S.-ın xüsusi silk kimi formalaşması prosesi Yaponiyada Minamoto feodal evinin hökmranlığı (1192–1333) dövründə başlanıb və qəti olaraq Tokuqava feodal evinin (1603–1867) hakimiyyəti dönəmində başa çatıb. Mahiyyət etibarilə S. iri feodalların vassalları olublar. Lakin Avropadakı vassallardan fərqli olaraq S.-a torpaq mülkiyyəti verilməyib, onlar süzerendən yalnız maaş alıblar. İri feodallar arasındakı müharibələrdə mühüm rol oynayan S. bir çox imtiyazlara sahib olublar. Dinc dövrlərdə isə onlar feodal malikanələrinin idarə olunmasına və mühafizəsinə başçılıq ediblər. S. iki – uzun və gödək qılınc gəzdiriblər: bu onların fərqləndirici nişanı olub. S. davranışlarında xüsusi əxlaq kodeksinə – busidoya əməl ediblər. 1867–1868-ci illər Yaponiya burjua inqilabı nəticəsində S.-a birdəfəlik yardım ödəməklə onların bütün imtiyazlarını ləğv ediblər.

Tarix terminləri lüğəti