ərəb. sel sözü müasir Azərbaycan dilində güclü su daşqını, su axını, həmçinin izdiham mənalarını ifadə edir.
Türk dillərində sel sözünün bir yerdən axan, çıxan mənaları da məlumdur. Məsələn, bir yerdən axan hava, su, işıq, qaz kütləsi və s. Qeyd etmək lazımdır ki, dilimizin şəxs adları sistemində mövcud bir sıra mürəkkəb şəxs adlarının tərkibində komponent olaraq yer almış “sel” sözünün yalnız güclü axın kimi yozulması elə də inandırıcı görünmür. Araşdırmalarda şəxs adlarının tərkibində mövcud “sel” komponenti həm də türk dilinin ən nadir sözdüzəldici şəkilçilərindən biri kimi də qeyd edilmişdir. Məsələn, qumsal sözündəki -sal şəkilçisi kimi. Bu gün müqayisə, bənzətmə mənası yaradan bu şəkilçi türk dillərində bəlkə də bir sözdə təzahür edir. Nümunə olaraq bu gün məişətimizdə geniş yayılmış, dəbdə olan Aysel qadın adına nəzər salaq. Bu gün dəbdə olan Aysel qadın adının lüğətlərin bir çoxunda Ay və sel sözləri ilə əlaqələndirilməsi, Ay işığının seli kimi izah edilməsi ilə əlaqədar fikirlərlə həmrəyik. Lakin adın tərkibində mövcud sel sözdüzəldici şəkilçi kimi götürülərsə, Aysel Ay təkin, Ay kimi parlaq, işıqlı anlamına gəlir. Bu fikirləri də kənarlaşdırmaq olmaz. Çünki dilimizin şəxs adları sistemində Aya bənzərliklə, Ay kimi parlaq olmaqla əlaqədar şəxs adları da mövcuddur. Beləliklə, şəxs adlarının tərkibində mövcud sel komponenti bir sıra şəxs adlarında güclü axını mənasını ifadə etsə də, bir sıra şəxs adlarında türk dilinin müqayisə, bənzətmə mənası yaradan ən nadir sözdüzəldici şəkilçilərindən biridir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti