Reklam
Reklam

Məsəllər, deyimlər

SONUN BAŞLANĞICI

Hər hansı yolverilməz səhvin silsilə fəlakətlərə, ciddi itkilərə, nəticədə isə məğlubiyyətə aparacağını bildirən ifadə.

Bu məşhur ifadənin tanınmış fransız diplomatı Şarl Moris de Taleyrana (1754–1838) məxsus olduğu ehtimal edilir.

Fransa imperatoru Napoleon I Bonapartın zamanında ölkənin xarici işlər naziri olmuş Ş.Taleyran təkcə diplomatik hiyləgərlikləriylə yox, həm də işlətdiyi aforizmləri ilə məşhur olmuşdur. Belə ehtimal olunur ki, Taleyran «sonun başlanğıcı» ifadəsini 1813-cü ilin oktyabrında Leypsiq altında «Xalqlar savaşı» adlanan döyüşdən sonra işlətmişdir.

Həmin illərdə Fransanın polis naziri olmuş hersoq Jozef Fuşenin xatirələrində deyilir ki, 1813-cü ilin yayında Napoleonun nüfuzu ölkədə kəskin surətdə aşağı düşməyə başladı və kral hakimiyyətinin bərpası tərəfdarları baş qaldırdılar: «Ayrı-ayrı dairələrdə və Paris salonlarında pıçıldaşırdılar ki, bu, sonun başlanğıcıdır».

Bəzi tarixçilərin iddiasına görə, guya Taleyran həmin sözləri 1812-ci ilin payızında Fransa ordusunun Moskvadan geri çəkildiyi haqda xəbəri alanda deyib. Amma Taleyran bu ifadəni onun adına çıxdıqlarını eşidəndə əvvəl özü də təəccüblənib. Sonra isə bunu yaxşı aforizm adlandıraraq «özəlləşdirib».

Sonralar Fransa mətbuatında bu ifadə Napoleonun idarəçiliyinin ayrı-ayrı epizodları və digər döyüşləri ilə bağlı da təkrarlanmışdır. Yəni Borodino döyüşü (avqust 1812), general M.Klodun sui-qəsdi (23 oktyabr 1812), 1813-cü ilin yay kampaniyası, həmçinin «Yüz gün» (mart–iyun 1815) adlanan böhranlı dövrdə bu ifadə Napoleon hakimiyyətinin ünvanına işlədilmişdir.

Bəzi tədqiqatçıların fikrincə, heç bir halda bu aforizmi Taleyranın ayağına yazmaq olmaz, çünki ondan xeyli qabaq bu sözləri Şekspir deyib. Dahi ingilis dramaturqunun 1594–96-cı illərdə yazdığı «Yay gecəsində yuxu» komediyasının beşinci aktında dülgər Piqva qısa nitq söyləyir və tamaşaçılara üz tutaraq deyir:

– ...Baxın, bizim sonun başlanğıcına.

Müasir dövrdə hər hansı ölkədə ictimai-siyasi və iqtisadi siyasətin yanlış anlaşıldığını, proseslərin məhvə məhkum olunacağını bu deyimlə ifadə edirlər.

Məsəllər, deyimlər