Reklam
Reklam

Məsəllər, deyimlər

SPARTA HƏYATI

►Olduqca sərt qanunlara, bərabərliyə və sadə yaşayış qaydalarına əsaslanan həyat tərzi haqqında işlədilən ifadə.

İfadə eramızdan əvvəl Qədim Yunanıstanda mövcud olmuş Sparta (latınca Lakedemon) dövlətinin formalaşmış həyat tərzindən qaynaqlanaraq yayılmışdır.

Miladdan öncə X–VIII əsrlərdə «bərabərlik olmayan yerdə nizam-intizam da olmaz» prinsipini əsas tutan Sparta hökmdarı Likurq sözün həqiqi mənasında aristokratik dövlət nümunəsi yarada bilmişdir. O, şəhərdə yeni, ədalətli və eyni zamanda sərt qanunlar tətbiq etdi. Likurq hesab edirdi ki, bütün torpaqlardan əldə edilən məhsul Sparta ailələri arasında bərabər bölünməlidir. İnsanlar arasında paxıllıq hissi yaranmasın deyə spartalılar bir yerdə, ümumi masalar arxasında eyni qidanı yeməli idilər. Uşaqlar çox sərt qayda-qanunlarla tərbiyə edilirdilər. Oğlanlar yeddi yaşından böyüklərdən ayrı hərbi düşərgələrdə yaşayır, qamışdan hörülmüş bərk çarpayılarda yatır, az yeyirdilər. Bütün günlərini fiziki məşqlərə, qılınc və nizə ilə döyüş bacarığının qazanılmasına sərf edirdilər. Burada onlar gündəlik həyatda dözümlü və qənaətcil, döyüşdə cəsur və mətin olmağa alışdırılırdılar. Bu yolla uşaqlarda iradə, səbir və dözüm tərbiyə edilirdi. Sparta həyatı keçirən və ya Sparta tərbiyəsi almış adam dedikdə çox sadə həyat tərzinə malik, məişətdə yalnız ən vacib şeylərə qane olan insanlar nəzərdə tutulur.

Çox keçmədi ki, bütün Yunanıstanda və Avropada «spartalı» sözünün özü rəmzi məna daşımağa başladı. Müasir dövrümüzdə də aza qane olan, fiziki cəhətdən güclü, bütün məhrumiyyətlərə mətinliklə sinə gərən adamları belə adlandırırlar.

Məsəllər, deyimlər