►Sülh, anlaşma, əmin-amanlıq və barış bildirən ifadə.
İfadə məşhur ispan rəssamı Pablo Pikassonun məşhur bir rəsmi ilə bağlıdır.
Böyük rəssam sülh tərəfdarlarının I konqresi üçün gözəl bir rəmz – dimdiyində yaşıl zeytun budağı gətirən ağ göyərçin çəkdikdən sonra «sülh göyərçini» deyimi məşhurlaşdı. Həmin vaxtdan gözəl adət yarandı – beynəlxalq festivallar zamanı gənclər səmaya minlərlə ağ göyərçin buraxırlar.
Müasir dünyanın əksər mədəniyyətlərində göyərçinin nəyə görə sülh rəmzi olduğunu demək çətindir. Göyərçinlər gözəl xarici görünüşə malik olan, xoş davranışlı ziyansız quşlardır. Şərq ölkələrində bu quşlar Allahın müqəddəs elçiləri sayılırdı.
Rəvayətə görə, ulu babalarımız hesab edirdilər ki, göyərçinlərdə pis xasiyyətin səbəbkarı olan öd kisəsi yoxdur. Buradan belə çıxır ki, göyərçinlərdə acılıq yoxdur. Həmişə mehriban və sülhsevərdirlər. Amma ehtimal var ki, «sülh göyərçini» ifadəsi buradan yaranmamışdır.
Göyərçinlərlə bağlı xoş ovqat yaradan rəvayətlərə «İncil»də də rast gəlinir; məsələn, nəql olunur ki, Nuhun gəmisinə dünya daşqınının bitməsi haqqında xəbəri göyərçin gətirir.
Məsəllər, deyimlər