fars. tahmin sözündən olub, boylu-buxunlu, cüssəli, qüvvətli mənasındadır.
Təhmin kişi adından (bax: ad – TƏHMİN) ənənəvi yolla yaranmış Təhminə qadın adı bu gün məişətimizdə geniş yayılmış qadın adları sırasındadır. Şərqdə Təhminə adının geniş yayılması Ə.Firdövsinin məşhur “Şahnamə” dastanı ilə əlaqədardır. Əsərdə Təhminə Rüstəmin arvadı, Söhrabın anasının adıdır. XX əsrin 70-ci illərindən Təhminə qadın adı məişətimizdə yenidən geniş yayılmağa başlamışdır. Bu, Xalq Yazıçısı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərinin də, əsərin motivləri əsasında çəkilmiş “Təhminə və Zaur” filminin də xalq arasında çox sevilməsi ilə əlaqədardır. Bu əsərə qədər məişətimizdə Təhminə qadın adı, demək olar ki, unudulmaqda olan adlardan idi. Adın məişətimizə qayıtmasında, eləcə də keçən əsrdən bu günə qədər dəbdən düşməməsində yazıçının sənətkarlığı mühüm rol oynamışdır. Yazıçı Anar oxucularına Təhminə adını sevdirə bilmişdi, bu səbəbdən də Təhminə məişətimizdə uzunömürlü adlardan olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti