lat. triumviratus – üç kişi < trium – üç + vir – kişi
1. Qədim Romada xüsusi məqsədlərlə seçilmiş və ya təyin edilmiş üç şəxsdən ibarət kollegiya.
E.ə. 133-cü ildə Tiberi Qrakxın torpaq islahatını həyata keçirmək məqsədilə yaratdığı T. belə kollegiyalara misal ola bilər.
2. E.ə. I əsrdə Qədim Romada vətəndaş müharibələri dövründə dövlət hakimiyyətini ələ keçirmək məqsədilə nüfuzlu siyasi xadimlərin və sərkərdələrin yaratdıqları ittifaq.
E.ə. 60–53-cü illərdə fəaliyyət göstərmiş birinci T.-a Y.Sezar, Q.Pompey və M.Krass daxil olub. Sezarın aparıcı rol oynadığı bu T. faktik olaraq hökumətin funksiyalarını həyata keçirib və Krassın ölümündən sonra Sezarla Pompey arasında kəskinləşən ziddiyyətlər nəticəsində dağılıb. Oktavian, M.Antoni və M.Lepid tərəfindən yaradılan ikinci T. isə (e.ə. 43–36-cı illər) Sezarın qatillərinə qarşı ittifaq xarakteri daşıyıb. Birinci T.-dan fərqli olaraq ikinci T. komitsiyalarda təsdiqlənib və ona fövqəladə səlahiyyətlər verilib. İkinci T.-ın üzvləri həmin səlahiyyətlərdən siyasi rəqiblərini zərərsizləşdirmək və hakimiyyəti öz əllərində cəmləşdirmək üçün istifadə ediblər. Bu T. Oktavianla M.Antoni arasında ziddiyyətlər səbəbindən dağılıb.
Tarix terminləri lüğəti