►«Hər şeyi eyni vaxtda tapıb bir yerə toplamaq olmur» mənasında işlədilən deyim.
İfadə Molla Nəsrəddinin bir lətifəsindən qaynaqlanaraq yayılmışdır.
Bir dəfə qonşular arasında söz halva hazırlamaqdan düşəndə Molla Nəsrəddin dərdlənib qəmli-qəmli ah çəkir. Səbəbini soruşanda deyir ki, neçə illərdir mən hazırlaşıram halva bişirməyə, ancaq indiyə kimi baş tutmur. Səbəbi də odur ki Allahın unu olanda yağ olmur, yağım olanda da un tapa bilmirəm.
Yanındakılar onun fərsizliyinə gülür və belə asan işin niyə illər uzunu baş tutmadığından heyrətlənirlər:
– Necə olub ki, bu vaxtacan yağla unu bir yerdə tapa bilməmisən? – deyə soruşurlar.
– İş orasındadır ki, yağla un tapılanda da mən özüm olmamışam, – deyə Molla cavab verir.
Məsəllər, deyimlər