ing. Watergate scandal
ABŞ-da 1972–1974-cü illərdə cərəyan etmiş və respublikaçı prezident R.Niksonun istefası ilə nəticələnmiş siyasi qalmaqal.
O, 1972-ci il iyunun 17-də (prezident seçkilərinə dörd ay qalmış) Vaşinqtonun “Uotergeyt” hotelində Demokratlar partiyasının mənzil-qərargahında dinləmə qurğuları yerləşdirməyə cəhd edən 5 nəfərin saxlanması ilə başlayıb. Təhqiqat zamanı bu cəhdin arxasında Respublikaçılar partiyasının dayandığı aşkarlanıb. U.Q.-nda təqsirləndirilən ABŞ prezidenti R.Nikson impiçment təhlükəsi ilə üzləşərək 1974-cü ilin avqustunda istefa verməli olub. Sonradan siyasi liderlər və yüksəkvəzifəli məmurlarla bağlı digər hay-küylü qalmaqallara da buna uyğun adlar qoyulmağa başlanıb; məs.: “İrangeyt” (XX əsrin 80-ci illərinin sonunda ABŞ administrasiyasının yüksəkvəzifəli şəxslərinin embarqodan yan keçərək İrana gizli şəkildə silah satması), “Qazaxgeyt” (Qazaxıstan və ABŞ məmurlarının korrupsiya əlaqələri), “Monikageyt” (ABŞ prezidenti B.Klintonla Ağ evin əməkdaşı Monika Levinski arasında intim münasibətlər) və s.
Tarix terminləri lüğəti