Reklam
Reklam

Tarix terminləri lüğəti

valdenslər

lat. valdenses

XII əsrin sonuncu rübündə Lionda (Fransa) yaranmış bidətçi xristian təriqətinin tərəfdarları.

Bu təriqət onun banisi sayılan tacir Pyer Valdonun (lat. Valdus, fr. Valdés) adı ilə tanınıb. Rəvayətə görə, kifayət qədər imkanlı şəxs olan P.Valdo var-dövlətini paylayaraq yoxsulluğu və tərki-dünyalığı özünün həyat idealı seçib. Cənubi Fransa, Şimali İtaliya, Almaniya, İspaniya, Çexiya və İsveçdə yayılmış təriqət üzvləri hər cür mülkiyyətdən imtina edərək ailə qurmamağa and içiblər. V. hərbi xidmətə, feodal məhkəməsinə, xüsusilə ölüm cəzasına qarşı çıxıblar. Onlar İsa Məsih haqqında ehkamı, müqəddəslərə inamı və ikonalara səcdəni inkar ediblər. V. dəfələrlə katolik kilsəsi tərəfindən bidətçi kimi lənətlənərək amansız təqiblərə məruz qalıblar. Buna baxmayaraq, onların bəzi icmaları bu günədək fəaliyyət göstərir. Lionda yarandığı üçün V.-i bəzən Lion yoxsulları (lat. Pauperes de Lugduno) da adlandırırlar.

Tarix terminləri lüğəti