1572-ci il avqustun 24-nə keçən gecə, müqəddəs Varfolomey bayramı günü Parisdə hugenotların katoliklər tərəfindən kütləvi qırğını.
Qırğın hugenotların güclənməsindən və onların başçısı admiral Kolinyinin kral IX Karla təsirindən qorxan Yekaterina Mediçi (IX Karlın anası) və həmin dövrdə katoliklərə rəhbərlik edən tanınmış fransız aristokrat nəslinin nümayəndələri – gizlər tərəfindən təşkil olunub. Onlar IX Karlı hugenotların sui-qəsd hazırladığına inandıra biliblər və qırğının həyata keçirilməsi üçün kralın razılığını alıblar. V.G.-ndə 3 mindən çox adam, o cümlədən Kolinyi öldürülüb. Avqustun 25-dən oktyabrın 3-dək Lion, Orlean, Ruan, Bordo və Fransanın digər şəhərlərində yüzlərlə hugenot məhv edilib. V.G. Fransada yeni dini müharibələrin əsasını qoyub. Sonradan şərti məna kəsb edən bu termin hazırda qabaqcadan təşkil olunmuş kütləvi qırğın anlamında da işlənir.
Tarix terminləri lüğəti