1. Zərbə endirilmək; döyülmək, kötəklənmək. □ Ağac ilə vurulmaq.
2. Çalınmaq, qaxılmaq, soxulmaq. □ Paya vurulmaq. Taxtaya iki mıx vurulmuşdur.
3. Güllə ilə vurulub öldürülmək. □ Ovda ikicə quş vuruldu.
4. Güllə ilə və ya başqa bir şeylə vurulub yaralanmaq. □ Ceyran ayağından vurulmuşdur.
5. Dayadılmaq, qoyulmaq, dirədilmək. □ Dəstək vurulmaq. Dayaq vurulmaq.
6. Taxılmaq, keçirilmək, bağlanmaq. □ Cidar vurulmaq. Buxov vurulmaq.
7. Sərrast atılaraq toxundurulmaq, dəydirilmək. □ Hədəf vurulmuşdur.
8. Güllə və s. ilə zədələnmək. □ Vurulan təyyarə qudurmuş it kimi ulaya-ulaya yerə getdi. (Ə.Vəliyev).
9. Yüklənmək, yığılmaq, qoyulmaq, doldurulmaq. □ Vaqonlara yük vurulub qurtardı. Maşına iki ton yük vurulmuşdur. Anbarlara on tonlarla buğda vurulub.
10. Çalınmaq, eşidilmək. □ Üçüncü zəng vurulurdu. Camaat tamaşa zalına axışdı. (S.Rəhman).
11. Sürtülmək, çəkilmək, yaxılmaq. □ Qapıya təzə rəng vurulmalıdır.
12. Yapışdırılmaq, asılmaq, bənd edilmək. □ Divarlara elan vurulmuşdur.
13. Artırılmaq, zərb edilmək. □ İki beşə neçə dəfə vurulmuşdur? İyirmi ikiyə vurulanda qırx alınır.
14. Calanmaq, aşılanmaq. □ Calaq vurulmaq. Qələm vurulmaq. Aşı vurulmaq.
15. Kəsilmək, kəsilib gödəldilmək, qısaldılmaq. □ Paltonun ətəkləri bir qədər vurulmalıdır.
16. Cihaz və s. vasitəsilə yeridilmək (maye, hava, qaz və s.). □ Balona hava vurulmaq. Nasosla su vurulmaq. İynə vurulmaq. .
17. Bir vahid əsas götürülərək hesablanmaq. □ ...Hədiyyələri hesabladım. Qızıla vurulsa, beş yüz min dinar qiyməti var. (M.Hüseyn).
Bənd olmaq, aşiq olmaq, məftun olmaq, həddindən artıq sevmək. □ Qazamat qulluqçularından birisi Həcərə vurulur. (“Qaçaq Nəbi”).
Azərbaycan dilinin izahlı lüğəti