ər. xaric; cəm hal. xavaric – təfriqəçi, qiyamçı, dönük
İslamda VII əsrdə meydana çıxmış ilk dini-siyasi qruplaşma.
X. xilafətdə xəlifə Əli ibn Əbu Taliblə Suriya canişini Müaviyyə arasında hakimiyyət uğrunda qızğın mübarizənin gedişində yaranıb. Əlinin qoşunlarının bir dəstəsi onun qətiyyətsizliyindən və kompromislərə meyilli olmasından hiddətlənərək, 657-ci ildə hərbi düşərgəni tərk edib və özünə yeni xəlifə seçib. Buna görə də həmin dəstənin üzvləri «xaricilər» adlanıblar. Onlar həm Əliyə, həm də Müaviyyəyə qarşı vuruşublar. X. təliminin əsasında bütün müsəlmanların (ərəblərin və qeyri-ərəblərin) hüquq bərabərliyi ideyası durur. Xaricilər xəlifənin bütün icma tərəfindən seçilməsi və icma qarşısında hesabatlı olması tələbini irəli sürüblər. X. təliminə görə, hətta qulun da xəlifə seçilmək hüququ var. X. tərəfdarları xilafət əleyhinə bir çox üsyanlarda iştirak ediblər.
Tarix terminləri lüğəti