Reklam
Reklam

Məsəllər, deyimlər

YERƏ GİRMƏK

►Gözlənilmədən, izsiz-soraqsız yoxa çıxmaq.

İfadə qədim xalqların ölmüş adamın ruhunun yerə getməsi ilə bağlı mistik təsəvvürlərindən qaynaqlanaraq yayılmışdır.

Qədim yunanların fikrincə, ölən günahkarların ruhu yerin dərinliklərində yerləşən cəhənnəmə – Tartara düşür. Bu qaranlıq sonsuzluq ilə yer arasındakı məsafə səma ilə yer arasındakı məsafə qədər böyükdür. Tartar deyilən məkan isə mis divarlarla və gedər-gəlməz Piriflegeton çayı ilə əhatə edilmişdir. Təsəvvürlərə görə, günahkarların ruhları orada dəhşətli əzablara məruz qalır. Buna görə də «yerə girmək», yaxud «Tartara düşmək» ifadələri «yoxa çıxmaq, izsiz-soraqsız itmək» mənasını verir.

Bəzən bu ifadə ya and içərkən «əgər yalan deyirəmsə, yerə girim», ya da qəzəbli qarğış kimi «səni görüm yerə girəsən» şəklində işlədilir. Deməli, «yerə girəsən» qarğışının etimologiyasının yuxarıda göstərdiyimiz təsəvvürlərdən qaynaqlandığını ehtimal etmək olar.

Məsəllər, deyimlər