Reklam
Reklam

Tarix terminləri lüğəti

latın dili

lat. lingua latina

İtaliyanın orta hissəsində qədim Latsidə (indiki Latsio) məskunlaşmış latın tayfalarının dili.

L.D. hazırda ölü dildir. O, hind-Avropa dillərinin italik dilləri qrupuna daxil olub və bir neçə inkişaf mərhələsi keçib:

1) ədəbi dilə qədərki dövr (e.ə. 240-cı ilədək);

2) qədim ədəbi dil dövrü, yaxud “arxaik L.D.” (e.ə. 240-cı ildən e.ə. 100-cü ilədək). Bu dövrdə bütün İtaliyanın latınlaşması prosesi başa çatıb;

3) klassik, yaxud “qızıl L.D.” dövrü (e.ə. 100-cü ildən e.ə. təxminən 14-cü ilədək). Bu dövrdə qrammatik normalar tam sabitləşib, ədəbi dil yüksək inkişaf səviyyəsinə çatıb;

4) “gümüş L.D.” dövrü (e.ə. 14-cü ildən eramızın 200-cü ilinədək);

5) “son L.D.” dövrü (200–600-cü illər). Bu dövrdə klassik L.D. canlı dil rolunu itirir, müxtəlif xalqlar L.D. əsasında formalaşmış roman dillərində danışmağa başlayırlar;

6) orta əsrlər dövrü (VII–XIV əsrlər). Həmin dövrdə L.D. Qərbi Avropada ümumi yazı, kilsə, elm və qismən ədəbi dil funksiyalarını yerinə yetirib;

7) “qızıl L.D.” və “gümüş L.D.” normalarının dirçəldilməsi dövrü (XIV əsrdən başlayır);

8) milli dillərin L.D.-ni qəti olaraq sıxışdırıb aradan çıxarması dövrü. Bu dövr XVI əsrdən başlayır, lakin L.D. XVIII əsrədək diplomatiya, XX əsrədək isə universitet təhsili, qismən elm dili kimi öz mövqelərini qoruyub saxlaya bilir;

9) müasir dövr. Hazırda L.D. yalnız elmi terminologiyada istifadə edilir, eyni zamanda katolik kilsəsinin və Vatikanın rəsmi dili olaraq qalır.

See also:

Tarix terminləri lüğəti

latın əlifbası

Yunan yazısına əsaslanan etrusk əlifbasının tarixi qolu.

L.Ə.-nın yaranması e.ə. VII əsrə aid edilir. Hərf işarələri I–V əsrlərdə sabitləşib. Öncə L.Ə.-sı 20 hərfdən ibarət olub. Təxminən e.ə. 240-cı ildə “G”, e.ə. I əsrdə isə yunan mənşəli sözlər üçün “Y” və “Z” hərfləri əlavə olunub. İntibah dövründə L.Ə.-na daha 3 hərf – “J”, “U” və “W” daxil edilib. Beləliklə, onun 26 hərfdən ibarət müasir standart (baza) forması təşəkkül tapıb. Erkən orta əsrlərdən başlayaraq Avropa dillərinin, yeni dövrdə isə Asiya, Afrika və Amerikanın əksər dillərinin yazı qrafikası L.Ə.-na əsaslanır. Azərbaycan dilinin qrafikası da L.Ə. əsasında yaradılıb.

See also:

Tarix terminləri lüğəti

latınlar

lat. Latini

İtaliyanın orta hissəsində yerləşən Latsidə (indiki Latsio) məskunlaşmış qədim italik tayfaları.

Digər hind-Avropa tayfaları kimi L.-ın da İtaliyada gəlmə olduqları şübhə doğurmur. Lakin onların bura nə zaman və haradan köçdükləri dəqiq müəyyənləşməyib. Bu tayfalar latın dilində danışıblar, Etrusk mədəniyyətinin güclü təsiri altında olublar. E.ə. I minilliyin əvvəlində onlar Latın İttifaqını yaradıblar. E.ə. 754–752-ci illərdə L. və sabin tayfaları Romanın əsasını qoyublar. Lakin yüksəliş mərhələsinə qədəm qoyan və genişlənən Roma e.ə. VI əsrdə bütün Latsi icmaları üzərində hakimiyyəti ələ keçirib.

Tarix terminləri lüğəti

latifundizm

lat. latifundium < latus – geniş + fundus – malikanə, mülk

İri mülklərə – latifundiyalara əsaslanan torpaq sahibkarlığı sistemi.

Latifundiyalar ilk dəfə e.ə. II əsrdə Qədim Romada, müxtəlif tayfaların icma torpaqlarının romalı əyanlar tərəfindən zəbt olunması nəticəsində yaranıb. Eramızın I əsrində artıq L. geniş yayılıb. Quldarlıq quruluşunun dağılması ilə Roma latifundiyaları xırda sahələrə bölünərək kolonlara icarəyə verilib, feodalizmdə isə başlıca təsərrüfat forması olub və təhkimli kəndlilərin əməyinə əsaslanıb. XVI–XVIII əsrlərdə Qərbi Avropada baş verən burjua inqilabları feodal L.-inə ölümcül zərbə vurub. Müasir dövrdə L.-in qalıqları yalnız iqtisadi inkişaf baxımından geri qalmış bəzi ölkələrdə saxlanılır.

Tarix terminləri lüğəti

latqallar

latış. Latgali, alm. Letthigalli

Qədim latış tayfası.

Latış xalqının adı L.-dan götürülüb. Bu tayfa müasir Latviyanın şərq hissəsində, Dauqava çayının sağ sahilində məskunlaşıb və Qərbdə livlər, cənubda zemqallar, şimalda isə estonlarla həmsərhəd olub. X–XII əsrlərdə L.-da erkən feodal münasibətləri formalaşmağa başlayıb. XIII əsrdən onlar livlərin və zemqalların ərazisinə yayılmağa başlayıblar.

Tarix terminləri lüğəti

lavra

yun. laura – küçə, adamların çox olduğu yer

Çox böyük, xüsusi imtiyaza və əhəmiyyətə malik pravoslav kişi monastırı.

Rusiyada L. bilavasitə patriarxa, 1721-ci ildən isə sinoda tabe olub. Kiyev-Peçora (1598-ci ildən), Troitse-Sergiyev (1744-cü ildən), Aleksandr Nevski (1797-ci ildən) və Poçayevsko-Uspenski (1833-cü ildən) monastırları L. adlanır.

Tarix terminləri lüğəti

lazlar

laz. Lazepe, gür. Lazebi, türk. Lazlar

Gürcülərin etnoqrafik qrupu, keçmişdə gürcü tayfalarından biri.

L. Qara dənizin cənub-şərq sahilinin, qismən Çorox çayı hövzəsinin yerli sakinləri sayılır. Hazırda L.-ın əsas hissəsi Türkiyədə, cüzi hissəsi isə Acarıstanda yaşayır. Onlar kartvel dillərinin zan qrupuna daxil olan dildə danışırlar. Laz dili yazıya malik deyil. L.-ın əksəriyyəti islamı qəbul edib. Uzun müddət türklərin əhatəsində yaşasalar da, onlar öz dil və mədəniyyətlərinin xüsusiyyətlərini, əsasən, qoruyub saxlayıblar.

Tarix terminləri lüğəti

leqat

lat. legatus – səfir

1. Qədim Romada senatın təyin etdiyi səfir, yaxud siyasi tapşırığı yerinə yetirən müvəkkil.

Son respublika dövründə sərkərdələrin və əyalətlərdə canişinlərin köməkçiləri L. adlanıblar. Yuli Sezarın (e.ə. 100–44-cü illər) dövründə legionlara komandanlığı L.-lara tapşırmağa başlayıblar. İmperiya dövründə isə imperator L.-ı əyalətlərdə canişin funksiyasını yerinə yetirib.

2. Roma papasının ali dərəcəli diplomatik nümayəndəsi.

Papa L.-ı VI əsrdən etibarən katolik kilsəsinin rəhbəri tərəfindən tapşırığı yerinə yetirməyə lazım olan müddətə müvəqqəti təyin edilir.

Tarix terminləri lüğəti

legislatura

lat. legislator – qanun layihəsini təklif edən

1. Nümayəndəli orqanın (parlament, bələdiyyə şurası) və ya seçkili vəzifəli şəxsin (prezident, qubernator, mer) səlahiyyət müddəti.

2. Bəzi federativ dövlətlərdə federasiya üzvləri.

3. Hüquqa aid və siyasi ədəbiyyatda «parlament» sözünün sinonimi olaraq işlədilən termin.

İngilis elmi ədəbiyyatında, adətən, «parlament» termini yalnız Britaniya Birliyinə daxil olan ölkələrin qanunvericilik orqanlarına aid edilir; digər ölkələrin qanunvericilik orqanları isə L. adlandırılır.

Tarix terminləri lüğəti

lend-liz

ing. lend-lease < lend – borcvermə + lease – icarəyə vermə

II Dünya müharibəsi (1939–1945) dövründə ABŞ-ın antihitler koalisiyası ölkələrinə silah, döyüş sursatı, strateji xammal, ərzaq, müxtəlif mallar və xidmətləri borc və ya icarəyə verməsi sistemi.

L-L. haqqında qanun ABŞ Konqresi tərəfindən 1941-ci il martın 11-də qəbul edilib və formal cəhətdən 1946-cı il iyunun 3-dək qüvvədə olub. Lakin 1945-ci il avqustun 23-də ABŞ hökuməti L-L. üzrə təchizatın dayandırıldığını bəyan edib (Çində homindançılar istisna olmaqla). 1941–1945-ci illərdə ABŞ-ın L-L. üzrə xərcləri 46 mlrd. dollar təşkil edib. Bunun 30,26 mlrd. dolları Britaniya imperiyasının, 9,8 mlrd. dolları SSRİ-nin, 1,4 mlrd. dolları isə Fransanın payına düşüb. Sovet, sonra isə rus tarixi ədəbiyyatında L-L.-in əhəmiyyətini azaltmaq cəhdlərinə baxmayaraq, ABŞ-ın bu yardımı nasist Almaniyasının darmadağın edilməsində mühüm rol oynayıb. Belə ki, 1942-ci ildə SSRİ ilə Böyük Britaniya öz iqtisadi gücünə görə Almaniya və onun müttəfiqlərindən 0,9:1 nisbətində geri qalıb. Məhz ABŞ-ın L-L. üzrə yardımı nəticəsində bu nisbəti antihitler koalisiyasının xeyrinə dəyişmək mümkün olub. L-L. proqramı üzrə SSRİ 18 min hərbi təyyarə, 11 min tank, “Katyuşa” reaktiv artilleriya qurğuları üçün 20 min avtomobil və s. hərbi texnika alıb.

Tarix terminləri lüğəti