Reklam
Reklam

Tarix terminləri lüğəti

qacarlar

Qızılbaşlar ittifaqına daxil olan tayfa.

Q.-ın Ön Asiyaya XII–XIV əsrlərdə gəldiyi ehtimal olunur. Onlar əvvəlcə Suriya ilə İran arasındakı ərazidə məskunlaşıblar, daha sonra Azərbaycana köç ediblər, hazırda isə Cənubi Azərbaycanda və İranın digər bölgələrində yaşayırlar. Q. Azərbaycan xalqının etnogenezində iştirak ediblər. Bu tayfa Səfəvilər dönəmində siyasi həyatda fəal rol oynayıb. 1796–1925-ci illərdə İranı idarə etmiş Q. sülaləsinin nümayəndələri də həmin tayfadan olublar.

Tarix terminləri lüğəti

qaçaq

1. XIX əsrdə və XX əsrin əvvəllərində Şimali Azərbaycanda çar üsuli-idarəsinə və onun yerli əlaltılarına qarşı çevrilmiş qaçaq hərəkatının üzvü.

Əsasən, kəndlilərdən olan Q.-lar dağlara və meşələrə çəkilərək xırda silahlı dəstələrdə birləşiblər və çar məmurlarına, habelə yerli bəylərə qarşı mübarizə aparıblar.

2. Soyğunçuluq edən qaçqın cinayətkar.

Tarix terminləri lüğəti

qaçaq hərəkatı

XIX əsrin sonu – XX əsrin əvvəlində Azərbaycanda milli azadlıq və kəndli hərəkatının formalarından biri.

Demək olar ki, bütün Şimali Azərbaycan ərazisini əhatə edən Q.H.-na qarşı rus çarizmi ən sərt mübarizə metodlarından istifadə edib. Qaçaqlarla döyüşə nizami ordu hissələri, cəza dəstləri göndərilib, onlara divan tutulub. 1894-cü ildən etibarən bu hərəkatın əsir götürülmüş üzvləri ölüm hökmü çıxaran hərbi-səhra məhkəmələrinə verilib. Eyni zamanda Q.H.-nı zəiflətmək üçün çarizm azərbaycanlı əhalini ucdantutma tərk-silah etməyə başlayıb. 1894–1895-ci illərdə təkcə Gəncə (Yelizavetpol) quberniyasında azərbaycanlılardan 53 min tüfəng müsadirə edilib. Bütün cəhdlərə baxmayaraq, Q.H.-nın qarşısını almaq mümkün olmayıb və o, 1917-ci ildə çarizmin süqutuna kimi davam edib.

Tarix terminləri lüğəti

qala

ər. qələ < akk. kalakku – istehkam

Möhkəmləndirilmiş müdafiə məntəqəsi.

Həm ayrıca götürülmüş bir tikilini, həm də tikililər kompleksini Q. adlandırırlar. Belə tikililər hündür divarlarla əhatələnir və uzunmüddətli müdafiə üçün hazırlanmış daimi qarnizona, silah-sursat ehtiyatına malik olur. Daha səmərəli silah növlərinin yaradılması və yeni döyüş taktikalarının tətbiqi nəticəsində Q.-lar öz əvvəlki hərbi əhəmiyyətini itirib. Azərbaycan ərazisində qədim zamanlardan bir çox Q.-lar inşa edilib. Onlar üç növ olub:

1) məbədləri və din xadimlərinin əmlakını qorumağa xidmət edən Q.-lar (Ləkit məbədi, Govurqala və s.);

2) şəhərlərin yaranması ilə meydana gəlmiş şəhərtipli Q.-lar (Dərbənd, Gəncə, Bakı və s.);

3) sığınacaq rolu oynayan və əlçatmaz yerlərdə tikilən Q.-lar (Çıraqqala, Əlincə Q.-sı, Gülüstan Q.-sı və s.).

See also:

Tarix terminləri lüğəti

qalabəyi

Xanlıqlar dövründə Azərbaycanda qala rəisi.

Q. asayişin qorunması və qalanın müdafiəsi üçün cavabdehlik daşıyıb. Q.-nin ixtiyarında silahlı keşikçi dəstələri olub. Kələntərlə Q. arasında vəzifə bölgüsü dəqiq müəyyənləşmədiyindən çox vaxt onların səlahiyyətləri üst-üstə düşüb. Bəzi şəhərlərdə (məs.: Şuşada) Q.-nin ixtiyarına həm də papaqçı, başmaqçı və s. sənətkarlıq dükanları verilib. Bu vəzifəyə, əsasən, maafların (vergidən azad olunmuş təbəqələrin) nümayəndələri təyin edilib.

Tarix terminləri lüğəti

qalxan pulu

Orta əsrlərdə İngiltərədə feoda malik cəngavər tərəfindən hərbi qulluq əvəzinə (və ya onu qismən kompensasiya etmək üçün) kralın xeyrinə pulla ödənilən vergi.

XII əsrin ortalarından müntəzəm olaraq alınan Q.P. 1215-ci il Böyük Azadlıqlar Xartiyasına (Magna Carta) görə yasaqlanıb, buna baxmayaraq reallıqda XIV əsrin əvvəlinədək toplanıb. Q.P.-ndan kralın hərbi xərclərini ödəmək üçün istifadə edilib.

Tarix terminləri lüğəti