Reklam
Reklam

Tarix terminləri lüğəti

caynizm

sanskr. jaina – qalib

Hindistanda e.ə. VI əsrdə təşəkkül tapmış əsas dini-fəlsəfi təlimlərdən biri.

C.-in banisi Mahavira (böyük qəhrəman) və Cina (qalib) adları almış Vardhamana sayılır. Buddizm kimi bu təlim də brahmanizmdəki ritualizm və mücərrədliyə qarşı etiraz reaksiyası olaraq yaranıb. Vedaların nüfuzu ilə hesablaşmayan C. bütün kastalardan olan kişi və qadınlar üçün açıq elan edilib. C. hinduizm təlimi üçün xarakterik olan ruhların yenilənməsi və hər bir hərəkətə görə cavabdehlik prinsiplərini qoruyub saxlayıb. Onun əsas məqsədi ruhun nirvana vəziyyətinə nail olunmasıdır. C.-ə görə, həmin məqsədə yalnız tərki-dünyalıq qaydalarına ciddi əməl edənlər, o cümlədən canlı varlıqları məhv etməkdən çəkinənlər çata bilərlər. Təlimin beş əsas əxlaq prinsipi var: öldürmə, yalan danışma, oğurlama, mal-dövlət həsrətində olma, cinsi əlaqədən mümkün qədər uzaq dayan. C. tərəfdarlarının əksəriyyəti ticarət və sələmçiliklə məşğul olan insanlardan ibarətdir: torpağı şumlayarkən xırda canlı varlıqların – cücülərin, həşəratların məhvi qaçılmaz olduğundan bu təlim əkinçiliyi yasaq edib.

Tarix terminləri lüğəti

bolşevizm

rus. – əksəriyyət, çoxluq

Sərt mərkəzləşdirilmiş və ciddi intizamlı inqilabi partiyanın yaradılmasını, dövlət hakimiyyətinin ələ keçirilərək və diktatura rejiminin bərqərar olunmasını təbliğ edən totalitar düşüncəli siyasi ideya cərəyanı və siyasi hərəkat.

B. leninizm məfhumunun sinonimi kimi də işlənir. 1903-cü ildə Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının II qurultayında Leninlə Martov arasında təşkilata üzvlük məsələsi ətrafında fikir ayrılığı nəticəsində yaranıb. Həmin məsələdə Lenin tərəfdarları çoxluq qazandıqları üçün rusca «əksəriyyət» mənasını verən bolşeviklər, azlıqda qalan Martov tərəfdarları isə menşeviklər adlandırılıb. 1917-ci ildə oktyabr çevrilişi nəticəsində hakimiyyətə gələn B. tərəfdarları bəşər tarixinin ən qəddar siyasi rejimlərindən birini yaradıblar.

Tarix terminləri lüğəti

centri

ing. gentry

1. İngiltərədə kiçik malikanə sahibi olan titulsuz zadəgan.

Onlar perlərlə yomenlər arasında orta mövqe tutublar. C.-lər yomenlərdən əkinçiliklə məşğul olmamaları ilə fərqləniblər. Bu termin XVI əsrdə yaranıb. Öz təsərrüfatlarını kapitalist münasibətləri əsasında quran C.-lər İngiltərə inqilabında (XVII əsr) həlledici rol oynayıblar. Həmin inqilabın əsas simalarından bir çoxu, o cümlədən Oliver Kromvel və Con Lilbern C.-lərin nümayəndəsi olub.

2. Çində imtiyazlı mülkədarlara – şenşilərə verilən avropasayağı ad.

Tarix terminləri lüğəti

cəbərilik

ər. cəbr – zor, məcburiyyət

İslam fəlsəfəsində insanın bütün hərəkətlərinin Allah tərəfindən qabaqcadan müəyyənləşdirildiyini bəyan edən məktəb, islamda ilk fəlsəfi təlimlərdən biri.

“Alın yazısı” fikrini müdafiə edən C. tərəfdarları qədərilik ardıcıllarından fərqli olaraq bildirirlər ki, insan öz hərəkətlərini sərbəst şəkildə deyil, məcburən həyata keçirir. C. hər cür iradə azadlığını inkar etməklə insana yalnız Allahın istəyini yerinə yetirən bir vasitəçi kimi baxır. Bu məktəbin VIII əsrin ortalarında yarandığı ehtimal olunur.

Tarix terminləri lüğəti