Reklam
Reklam

Tarix terminləri lüğəti

eksterritoriallıq

lat. exterritorialis < ex – zəbtetmə, məhrumetmə + territorialis – əraziyə aid olan

Fiziki və hüquqi şəxslərə, obyektlərə faktiki yerləşdikləri və fəaliyyət göstərdikləri ölkənin deyil, ancaq öz dövlətinin yurisdiksiyasına tabe olmaq hüququ verən xüsusi status.

Dövlətlərin xarici diplomatik nümayəndəliklərə qarşılıqlı surətdə xüsusi immunitet və imtiyazlar (şəxsiyyət və mənzilin toxunulmazlığı, yerli məhkəmələr tərəfindən mühakimənin mümkünsüzlüyü, vergilərdən azadetmə və s.) verməsi E.-a misal ola bilər. Müasir beynəlxalq hüquqda bu termin, demək olar ki, işlənmir.

Tarix terminləri lüğəti

ekstremizm

lat. extremus – ifrat, son

İfrat mübarizə metodları vasitəsilə sosial-siyasi, dini, milli hədəflərə çatmağın nəzəriyyə və praktikası.

Əksər hallarda hər cür kompromis, danışıq və razılaşmaları rədd edən ekstremistlər məqsədlərinə nail olmaq üçün terror aktları törədir, insanları girov götürür, bu kimi digər ən ifrat üsullara əl atırlar. Beləliklə, E. çox vaxt terrorizmlə çulğalaşır. O, ictimai şüur, ictimai psixologiya, ideologiya sahələrində olduğu kimi, sosial qruplar (sosial E.), siyasi partiyalar (siyasi E.), millətlər və etnoslar (milli və ya etnik E.), dinlər (dini E.) arasındakı münasibətlərdə də özünü göstərir. E. anlayışının hamı tərəfindən qəbul edilən ümumi izahı formalaşmayıb. 2003-cü ildə Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamədə deyilir: “E. siyasi fəaliyyətin xüsusi forması olub açıq, yaxud örtülü şəkildə dözümsüzlük, özgələşdirmə, ksenofobiya, antisemitizm, habelə ifrat millətçilik ideologiya və praktikasına əsaslanaraq parlament demokratiyasının prinsiplərinə qarşı çıxır”.

See also:

Tarix terminləri lüğəti

ekzoqamiya

yun. exo – kənar, xarici + gamos – nikah

Qohum (qəbilə, nəsil) və ya lokal (icma) kollektivlərin üzvləri arasında nikah münasibətlərini yasaqlayan adət.

İbtidai icma quruluşu dövründə qəbilə və nəsillər daxilində E., onların daxil olduğu tayfada isə endoqamiya hökm sürüb. E.-nın yaranması səbəbləri barədə çoxsaylı mülahizələri üç əsas qrupa bölmək olar:

a) qan qohumları arasındakı nikahların zərərli nəticələrindən qorunmaq;

b) sosial kontaktları genişləndirərək digər kollektivlərlə əlaqə yaratmaq;

c) cinsi münasibətlər və onları müşayiət edən konfliktləri kollektivdən kənara çıxarmaqla qəbilə, nəsil, icma daxilində əmin-amanlığı təmin etmək.

“E.” və “endoqamiya” terminlərini ilk dəfə şotland tədqiqatçısı C. Mak-Lennan işlədib.

Tarix terminləri lüğəti

eqalitarizm

fr. égalitarisme < egalite – bərabərlik

Ümumi bərabərliyi həyatın və cəmiyyətin təşkilinin əsas prinsipi kimi irəli sürən utopik ictimai nəzəriyyə.

Elitarizmə əks mövqedə duran E. bütün insanların bərabər siyasi, iqtisadi və hüquqi imkanlara malik olduğu bir cəmiyyətin yaradılmasına çalışır. Onun nəzəri-fəlsəfi əsaslarının yaradılmasında fransız mütəfəkkirləri J.Russo, Q.Babef, digər filosoflar böyük rol oynayıblar. Yakobinçilər isə E.-in praktikada tətbiqinə səy göstəriblər. Tarixi təcrübə göstərir ki, ilk baxışda çox cəlbedici görünsə də, E. gerçəkləşdirilməsi mümkün olmayan utopik nəzəriyyədir.

Tarix terminləri lüğəti