Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

yeni sənayeləşmiş ölkələr (YSÖ)

Sosial-iqtisadi inkişaf səviyyəsinə görə İEÖ ilə İEOÖ arasında aralıq mövqe tutan müstəqil ölkələr qrupu.

Bu ölkələrdə ötən əsrin son onillikləri ərzində geridə qalmış, aqrar tipli iqtisadiyyatdan sənayeləşməyə doğru güclü sıçrayış baş verib. YSÖ-ə, əsasən, Latın Amerikası və Asiya ölkələri daxildir. Asiya ölkələrində bu proses daha uğurla gedib və sənaye məhsulları ixracının artması yeniləşməyə sərf edilmiş vəsaitlərin sürətlə bərpa olunmasına, xarici borcların ödənilməsinə şərait yaradıb. Latın Amerikası ölkələrində isə xarici borcların həddən artıq yüksək olması ödəniş problemləri yaradıb və XX əsrin sonları – XXI əsrin əvvəllərində sənayeləşmə prosesi zəifləyib, sosial çətinliklər artıb. Beləliklə, iqtisadiyyatda “asılı sənayeləşmə” adlanan yeni model yaranıb.

Coğrafiya terminləri lüğəti

yenidən törənmiş dağ sistemləri

Paleozoy erasında Hertsin qırışıqlığı zamanı yaranmış dağ sistemlərinin bir çoxunun Alp qırışıqlığı mərhələsində yenidən qalxmaya məruz qalması.

Belə dağlara Tyan-Şan, Altay və Sayan dağları aiddir.

Coğrafiya terminləri lüğəti

Yer

Günəş sisteminin Günəşdən məsafəsinə görə üçüncü planeti.

Y.-in Günəşdən orta məsafəsi 149,5 mln. km, perihelidə (yanvarın 3-də) 147 mln. km, afelidə (iyulun 5-də) isə 152 mln. km-dir. Y. düzgün həndəsi fiqura uyğun gəlməyən, son dərəcə fərdi geoid formasındadır. Bu geoidin ekvator radiusu 6378 km-ə, qütb radiusu 6357 km-ə, qütb basıqlığı 21 km-ə bərabərdir. Yerin meridian çevrəsinin uzunluğu 40.008,550 km, ekvator çevrəsinin uzunluğu 40.075,696 km, səthinin sahəsi 510.200.000 km2-dir. Y. planetinin təxminən 4,5-4,6 mlrd. yaşı var.

Coğrafiya terminləri lüğəti

Yer qabığı

Yerin bərk, xarici qatı, litosferin mantiya üzərində yerləşən hissəsi.

Y.Q.-nın qalınlığı ovalıqlarda 30-40 km, uca dağlıq sahələrdə 50-80 km, okean çökəkliklərində 5-10 km təşkil edir. İki tip Y.Q. mövcuddur: materik və okean tipi. Materik tipli Y.Q. 3 süxur qatından (çökmə, qranitbazalt), okean tipli Y.Q. isə yalnız çökmə və bazalt süxur qatlarından ibarətdir. Y.Q.-nın təxminən 97%-i 8 elementdən ibarətdir: bunun 75%-ni oksigen və silisium, qalanını, əsasən, metallar təşkil edir. Bütünlükdə isə Y.Q.-nın kütləsi Yerin ümumi kütləsinin 0,5%-indən azdır.

See also:

Coğrafiya terminləri lüğəti

Yer qrupu planetləri

yun. planetos – gəzən ulduz

Günəşə digər böyük planetlərə nisbətən yaxın olan, bir sıra ortaq xüsusiyyətlərinə görə onlardan fərqlənən planetlər qrupu.

Bu qrupa Merkuri, Venera, Yer və Mars daxildir. Onlar eyni elementlərdən (silikatlar, metallar və s.) təşkil olunub, bərk örtüyə, yüksək sıxlığa və eyni struktura malikdir. Bu planetlərin mərkəzində qaynar nüvə, onun üzərində qabıqla örtülmüş mantiya yerləşir. Bununla belə, Y.Q.P. də öz aralarında bir çox göstəricilərə görə (Günəşə qədər məsafə, Günəş və öz oxu ətrafında fırlanma sürəti, atmosferin qalınlığı, həyatın olub-olmaması və s.) fərqlənir.

See also:

Coğrafiya terminləri lüğəti

Yer maqnetizmi

yun. magnetis – maqnit, Kiçik Asiyadakı Maqnesiya şəhərinin adından

Yerin maqnit sahəsində müşahidə olunan, maqnit meyli və maqnit əyilməsi ilə səciyyələnən hadisə.

Kompasın əqrəbləri Yerin coğrafi qütblərini yox, maqnit qütblərini göstərir. Coğrafi qütblərlə maqnit qütbləri arasında qalan bucaq maqnit meyil bucağı adlanır.

Coğrafiya terminləri lüğəti

Yer nüvəsi

Yerin mərkəzi, onun mantiyadan aşağıda yerləşən qatı.

Y.N.-nin orta radiusu 3470 km, dərinliyi isə 2900 km-dir. Nüvənin səthində temperatur 6000°C-yə çatır. Y.N. Yer kütləsinin təqribən 30%-ni təşkil edir və əsasən, iki elementdan – nikel və dəmirdən ibarətdir. Y.N. iki hissəyə bölünür: radiusu 1300 km olan bərk daxili nüvə və radiusu təxminən 2200 km olan maye xarici nüvə. Nüvənin mövcudluğunu 1897-ci ildə alman seysmoloqu Emil Vixert müəyyənləşdirib, dərinliyini isə 1910-cu ildə amerikalı geofizik Beno Qutenberq təyin edib. Geokimya elminin banilərindən olan Norveç alimi Viktor Qoldşmidt 1922-ci ildə nüvənin qravitasion sıxılma nəticəsində yarandığı fikrini irəli sürüb.

Coğrafiya terminləri lüğəti

Yer orbiti

Yer planetinin Günəş ətrafında hərəkət trayektoriyası.

Y.O. ellips formasına malikdir, uzunluğu təqribən 940 milyon km-dir. Yer Günəşin ətrafında 365,2564 günə bir dövrə vurur.

See also:

Coğrafiya terminləri lüğəti

Yer radiusu

Yer səthinin hər hansı bir nöqtəsini Yerin mərkəzi ilə birləşdirən düz xətt.

Y.R.-nun orta uzunluğu 6371 km-ə, qütb radiusu 6357 km-ə, ekvator radiusu isə 6378 km-ə bərabərdir.

Coğrafiya terminləri lüğəti

Yer səthində rütubətin balansı

fr. balance – tərəzi

Dünya okeanına və qurunun səthinə düşən yağıntı ilə Dünya okeanından və qurunun səthindən buxarlanan suyun miqdarı arasındakı fərq.

Coğrafiya terminləri lüğəti

Yer səthinin albedosu

lat. albedo < albus – işıqlı

Yer səthinin (torpağın, suyun, bitkinin, buludların və s.) günəş radiasiyasını nisbətən əksetdirmə qabiliyyəti.

Y.S.A. səthə düşən radiasiyanın əks etdirilən radiasiyaya nisbəti ilə (faizlə) ölçülür; məsələn, səthi təzə örtmüş qarın albedosu 85%, buludların üst səthinin albedosu 50-55%, qumun albedosu – 30%, otluğun albedosu – 25%, qara torpağın albedosu – 15%, suyun albedosu 5% təşkil edir.

Coğrafiya terminləri lüğəti