Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

Yer səthinin istilik balansı

fr. balance – tərəzi

Yer səthinə düşən istiliklə onun itirdiyi istilik arasındakı fərq.

Y.S.İ.B. R + P + LE + B formulu üzrə hesablanır. Burada R – Yer səthinin radiasiya balansı, P – Yer səthi ilə atmosfer arasında turbulent istilik axını, LE – buxarlanmaya sərf olunan istilik, B – Yer səthindən alt süxurlara və ya suyun dərinliyinə keçən istilikdir. Y.S.İ.B. göstəricisi iqlimin, coğrafi zonallığın, orqanizmlərin termik rejiminin öyrənilməsində mühüm rol oynayır.

Coğrafiya terminləri lüğəti

yeraltı sular

Yer qabığının yuxarı (12-16 km dərinliyədək) süxur laylarında maye, bərk və buxar halında olan sular.

Y.S. Yerin su ehtiyatlarının tərkib hissəsidir. Mənşəyinə görə onlar infiltrasiya, sedimentasiya, maqmatik (yuvenil) və kondensasiya (süxurlardakı buxarlardan toplanan) sularına ayrılır. Yatım şəraitinə görə Y.S. aerasiya, qrunt və laylararası sulara bölünür. Aerasiya sularına torpaq suları və üst qatda yerləşən süxurların (tayqa zonasında 2-3 m, çöl zonasında 20-30 m, savannalarda 50 m dərinliyədək) məsamələrində olan sular aiddir. Qrunt suları səthdən birinci sukeçirməyən lay üzərində yerləşən təzyiqsiz sulardır. Laylararası sular isə iki sukeçirməyən lay arasında yığışmış təzyiqsiz və təzyiqli (artezian) sulardan ibarətdir.

See also:

Coğrafiya terminləri lüğəti

Yer-atmosfer sisteminin radiasiya balansı

yun. atmos – buxar + yun. sphaira – kürə + yun. systema – hissələrdən ibarət bütöv + lat. radiatio – əksetdirmə, şüalandırma + fr. balance – tərəzi

Kosmik fəzadan Yerin atmosferinə daxil olan və Yerin atmosferindən kosmik fəzaya şüalandırılan radiasiya axınlarının riyazi cəmi.

Y.-A.S.R.B.-nın gəlir hissəsini atmosferin yuxarı sərhədinə çatan günəş radiasiyası, çıxar hissəsini isə atmosferdən geri qaytarılan və yuxarı səpələnən qısadalğalı radiasiya, həmçinin Yer səthinin şüalandırdığı uzundalğalı radiasiya təşkil edir. Çoxillik müddət baxımından Y.-A.S.R.B. kəmiyyətcə sıfıra bərabərdir.

Coğrafiya terminləri lüğəti

Yerin fırlanma oxu

Yerin günlük hərəkət zamanı ətrafında fırlandığı xəyali ox.

Y.F.O. onun mərkəzindən keçərək coğrafi qütbləri birləşdirir və planetin orbit müstəvisinə perpendikulyara nisbətən 23°26’21,4119” qədər meyillidir. Əksər mənbələrdə, o cümlədən lüğət və ensiklopediyalarda rahatlıq üçün Y.F.O.-nun meyilliliyi yuvarlaqlaşdırılır – 23,5°.

Coğrafiya terminləri lüğəti

Yerin gündəlik hərəkəti

Yerin öz oxu ətrafında, orbit müstəvisinə 66,3° meyilli bucaq altında fırlanması.

Qərbdən-şərqə istiqamətlənmiş bu hərəkət 86.164 saniyəyə və ya 23 saat 56 dəqiqə 4 saniyəyə başa çatır. Fırlanma sürəti ekvator üzərində təxminən 465 metr/san təşkil edir. Y.G.H. nəticəsində gecə və gündüz hadisələri yaranır.

Coğrafiya terminləri lüğəti

Yerin maqnit sahəsi

yun. magnetis – maqnit, Kiçik Asiyadakı Maqnesiya şəhərinin adından

Yer kürəsinin ətrafında Yer maqnetizminin hiss olunduğu sahə.

Bu sahə Yerin daxilində tədricən dəyişikliklərə uğrayan daimi mənbələrin fəaliyyəti və qismən atmosferin yuxarı qatlarında baş verən proseslərin təsiri altında formalaşır. O, Yerin bütün qatlarını və planetətrafı mühiti əhatə edir, maqnitosfer adlanır. Maqnitosferin konfiqurasiyası günəş küləyinin təsir dərəcəsindən asılıdır. Yerin Günəşə tərəf olan hissəsində maqnitosfer sıxılmış vəziyyətdə, Yer kürəsinin radiusundan 8-14 dəfə uzun olur. Əks tərəfdə isə Y.M.S. yüzlərlə Yer radiusu qədər uzanır və “planetin maqnit quyruğu”nu əmələ gətirir.

See also:

Coğrafiya terminləri lüğəti

Yerin mantiyası

yun. mantion – üst geyim, plaş

Yer kürəsinin Yer qabığı ilə nüvə arasında yerləşən daxili təbəqəsi.

Mantiya Yerin kütləsinin 67%-ni, həcminin 83%-ni təşkil edir. Onun yuxarı sərhədi okeanların altında 5-10, dağlıq ərazilərdə 50-80 km dərinlikdə, aşağı sərhədi 2900 km dərinlikdə yerləşir. Ayrı-ayrı maqma ocaqları istisna olmaqla Y.M. bərk haldadır. Mantiyanın nisbətən plastik qatı astenosfer adlanır.

See also:

Coğrafiya terminləri lüğəti