Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

Arktika qurşağı

Yerin ən şimal coğrafi qurşağı.

A.Q. Şimal Buzlu okeanının adaları ilə birikdə əksər hissəsini, qismən Şimali Amerika və Avrasiyanın sahil rayonlarını əhatə edir. Bu qurşağın sərhədi, adətən, iyul ayının (ilin ən isti ayı) izotermi üzrə müəyyənləşdirilir. İqlimi sərt, lakin Antarktikaya nisbətən yumşaqdır, qışda qütb gecələri aylarla davam edir.

See also:

Coğrafiya terminləri lüğəti

Arktika zoocoğrafi (faunistik) vilayəti

Yer kürəsinin ən şimal zoocoğrafi və faunistik ərazisi.

Bu vilayətin sərhədi Kola yarımadasından Şpitsbergenədək uzanan, daha sonra Qrenlandiya və İslandiya adaları arasından keçərək Nyu-Faundlend adasına çatan xətlə, həmçinin Berinq boğazı ilə məhdudlaşır, başlıca olaraq Şimal Buzlu okeanının akvatoriyasını əhatə edir. A.Z.V.-də səth suları qışda və qismən yayda buz örtüyünə malik olur, suyun duzluluğu 30-32‰-dir. Heyvanlar aləmi növ etibarilə kasıbdır, litoral sahədə isə, demək olar ki, yoxdur. Buz örtüyünün kənar hissələrində yayda həyat canlanır; suitilər, ağ delfinlər, morjlar, ağ ayılar toplaşır, quşlar, xüsusilə qağayılar quş bazarları əmələ gətirir. Quruda bioloji və geokimyəvi proseslər zəif gedir. Burada torpaqlar inkişaf etməyib, bitkilər aləmi kasaddır və əsasən, seyrək otlar, mamırlar, şibyələrdən ibarətdir.

See also:

Coğrafiya terminləri lüğəti

artezian hövzəsi

Sukeçirməyən süxur layları arasında toplanmış suların yaratdığı böyük yeraltı hövzə.

Materiklərin yeraltı sularının əsas hissəsi məhz A.H.-ndə cəmləşib. A.H.-nin sahəsi on km²-lərdən milyon km²-dək ola bilər. O, qidalanma, təzyiq və boşalma sahələrinə bölünür. A.H.-ndə sular yaşına, minerallaşma dərəcəsinə və kimyəvi tərkibinə görə müxtəlifdir. Yer kürəsində ən böyük A.H. sahəsi 3 mln. km² olan Qərbi Sibir hövzəsidir.

See also:

Coğrafiya terminləri lüğəti

artezian quyusu

fr. Artesien – ilk artezian quyusunun qazıldığı Artua əyalətinin adından

Sukeçirməyən üst layı deşərək yeraltı suların səthə çıxması üçün qazılmış quyu.

Yeraltı sular bu quyudan öz təzyiqi altında Yer səthinə qalxır. İlk A.Q. XII əsrdə Fransada qazılıb.

See also:

Coğrafiya terminləri lüğəti

artezian suları

Sukeçirməyən süxur layları arasında toplanmış, yüksəktəzyiqli yeraltı sular.

A.S. quyular vasitəsilə səthə çıxarılır, onlardan suvarmada, yod, brom, bor istehsalında, habelə əhalini su ilə təchiz etmək üçün istifadə olunur. Belə suların kimyəvi tərkibi mənşəyindən asılı olur və kalsium-hidrokarbonatlı şirin sulardan tutmuş natrium-xlor tipli şor sulara qədər fərqlənir. Azərbaycanda Gəncə-Qazax, Qarabağ-Şirvan, Quba-Xaçmaz zonaları üzrə artezian hövzələri məlumdur.

See also:

Coğrafiya terminləri lüğəti

asimmetrik dərə

Böyük məsafədə yamaclarının dikliyi bərabər olmayan dərə.

A.D.-lər, əsasən, düzənliklərdə, meridian istiqamətində axan çaylarda müşahidə olunur. Onlar başlıca olaraq Şimal yarımkürəsində çayın sağ yamacının, Cənub yarımkürəsində isə sol yamacının daha çox yuyulması nəticəsində yaranır. Volqa və Yenisey çaylarının dik sağ sahilləri buna misal ola bilər.

See also:

Coğrafiya terminləri lüğəti

Asiya antisiklonu

yun. anti – əks + yun. kyklon – fırlanan

Mərkəzi Monqolustan üzərində atmosferdə yerləşən qapalı yüksək təzyiq sahəsi.

A.A.-nun yaranması qışda materikin güclü soyuması ilə əlaqədardır, orta çoxillik iqlim xəritələrində aydın nəzərə çarpır və Asiyada atmosferin mövsümi hərəkət mərkəzlərindən biridir. A.A. hakim olan ərazilərdə hava aydın, soyuq və azyağıntılı olur. Antisiklonun mərkəzində təzyiq bəzən 772 mm-ə qədər qalxır. Ona Sibir maksimumu və ya Sibir antisiklonu da deyirlər.

Coğrafiya terminləri lüğəti

assimilyasiya

lat. assimilatio – uyğunlaşdırma, oxşatma

1. Etnoqrafiyada və ictimai-iqtisadi coğrafiyada: bir xalqın öz dilini, mədəniyyətini, fərqləndirici xüsusiyyətlərini, milli şüurunu itirməklə başqa xalqa qarışması.

2. Geologiyada: intruziya prosesində bir süxura daxil olan maqmanın həmin süxuru tamamilə əridərək həll etməsi, onun izlərini itirməsi.

Coğrafiya terminləri lüğəti

astana

Çay yatağında bərk süxurların üzdə qalması, qalxması nəticəsində əmələ gələn daşlıq və qayalıq dayaz sahə.

Çaylar müxtəlif süxurların üzərindən keçərkən bərk süxurları yuya bilmir və onlar qaya, yastı daşlar şəklində A. əmələ gətirir. A. gəmiçiliyə çətinlik törədir. Nil və Konqo kimi böyük çaylarda belə sahələr çoxdur.

Coğrafiya terminləri lüğəti

astenosfer

yun. asthenes – zəif + yun. sphaira – kürə

Litosferin altında, Yerin mantiyasının üst hissəsində yerləşən nisbətən yumşaq, elastik təbəqə.

A.-in yuxarı sərhədi materiklərin altında 100 km, okeanların altında təxminən 50 km dərinlikdən keçir, aşağı sərhədinin isə 250 km dərinlikdə olduğu güman edilir. Fərziyyələrə görə, A. tektonikmaqmatik proseslərdə, litosfer tavalarının şaquli və üfüqi hərəkətlərində, Yer qabığının altında maddələrin yerdəyişməsində mühüm rol oynayır. Bu termini elmə XX əsrin əvvəlində amerikalı geoloq Cozef Barrel daxil edib.

Coğrafiya terminləri lüğəti

asteroid

yun. aster – ulduz + yun. eidos – görünüş

Günəş ətrafında dövr edən, planetlərə nisbətən daha kiçik ölçülərə malik bərk səma cismi.

Əsasən, qeyri-düzgün formalı A.-in atmosferi olmur. Kaliforniya Texnologiya İnstitutunun NASA ilə birgə laboratoriyasının məlumatına görə, 2015-ci ilə qədər səmada 670.474 obyekt qeydə alınıb ki, bunların da mütləq əksəriyyəti Marsla Yupiterin orbitləri arasında fırlanan A.-lərdir. A. Günəş sisteminin digər səma cisimlərindən, əsasən, ölçülərinə görə fərqlənir. Bir çox elmi mənbələrdə onlar “kiçik planetlər” adlandırılır. Lakin 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı bütün səma obyektlərini üç qrupa – planetlər, cırtdan planetlər, Günəş sisteminin kiçik cisimlərinə bölüb və A.-ləri sonunculara aid edib.  Bununla belə, hansı ölçüdən böyük A.-in cırtdan planet, hansı ölçüdən kiçik A.-in isə meteoroid adlandırılmalı olduğu müəyyənləşdirilməyib. Britaniyanın Astronomiya Kral Cəmiyyəti diametri 10 m-dən, bəzi elmi mərkəzlər diametri 30 m-dən, digərləri 50 m-dən çox olan səma cisimlərini A. adlandırmağı təklif edir. Serera A.-i cırtdan planetlər kateqoriyasına keçirildikdən sonra (2006) Günəş  sistemində ən böyük A. diametri təxminən 600 km olan Pallada hesab edilir. A. terminini elmə ingilis əsilli alman astronomu Uilyam Herşel daxil edib.

Coğrafiya terminləri lüğəti