Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

atol

maldiv. atolu – halqa

Açıq dənizdə, okeanda dayaz laqunu əhatə edən dairəvi və ya yarımdairə şəklində mərcan adası, yaxud adalar qrupu.

Əksər hallarda A. böyük və hündür olmur. Lakin hündürlüyü 7 m-ə, sahəsi minlərlə km2-ə çatan A.-lar da var; məsələn, dünyanın ən böyük A.-larından olan Kvacaleyn A.-unun sahəsi 2100 km2-dən artıqdır, bunun da 90%-dən çoxunu laqunun səthi təşkil edir. Belə adalar, adətən, sualtı vulkanın zirvəsində yaranır, çox vaxt laqun bir və ya bir neçə boğaz vasitəsilə açıq dənizlə birləşir. A.-lara daha çox Sakit və Hind okeanlarının tropik qurşaq dənizlərində rast gəlinir.

Coğrafiya terminləri lüğəti

autvellinq

ing. out – kənar + ing. well – sel kimi axmaq

Çay estuarilərindən biogen kimyəvi elementlərlə zəngin suların açıq dənizə axması.

A. okean və dənizlərdə canlı orqanizmlərin inkişafında mühüm rol oynayır.

Coğrafiya terminləri lüğəti

avropoid

Tarixən Avropada, Qərbi və Ön Asiyada, Hindistan yarımadasının şimalında, Şimali Afrikada yayılmış irq, Yer kürəsində üç əsas insan irqindən biri.

Bu qrupa mənsub insanlar nazik burun və dodaq quruluşu, dərinin açıq rəngi, saçların dalğalı forması və s. fiziki-bioloji xüsusiyyətləri ilə seçilirlər. A. irqi dünyanın əksər ölkələrində Qafqazoid adlanır. Qafqazoid termini ilk dəfə 1785-ci ildə alman filosofu Kristof Meyners tərəfindən təklif olunub və 1790-cı illərdə onun həmvətəni, antropologiya elminin banilərindən biri İohann Blumenbaxın əsərlərində yayılıb. Həmin alimlərin rəyincə, Qafqazda yaşayan əhali qrupu bütünlükdə bu irq üçün arxetip təşkil edir. Ümumiyyətlə, irqlərin belə bölgü sistemi (avropoid, yaxud qafqazoid; monqoloid; ekvatorial irq, yaxud neqroid) elmdə, o cümlədən antropologiyanın özündə hələ də ciddi mübahisələr doğurur.

Coğrafiya terminləri lüğəti

Ay

Yerin peyki, Yerə ən yaxın göy cismi.

Yerdən Aya qədər orta məsafə 384.400 km-dir. A.-ın diametri (2476 km) Yerin diametrindən təqribən 4 dəfə kiçik, kütləsi Yerin kütləsindən 81,5 dəfə azdır. Onun səthində cazibə də Yerdəkindən 6 dəfə zəifdir. A.-ın öz oxu ətrafında fırlanma müddəti onun Yer ətrafında dövretmə müddətinə bərabərdir, buna görə peykin həmişə eyni üzü Yerə tərəf çevrilmiş olur. Onun səthində temperatur təxminən +120°C dən – 180°C-yə qədər dəyişir, çünki atmosferi yox dərəcəsindədir. İlk dəfə A.-ın səthinə 1969-cu il iyulun 20-də “Apollon” kosmik gəmisində amerikalı astronavtlar Armstronq və Oldrin eniblər. A.-ı öyrənən elm sahəsi selenoqrafiya adlanır.

Coğrafiya terminləri lüğəti

aysberq

alm. eisberq – buz dağı

Buzlağın kənarından qopub dəniz və ya okeanda üzən böyük buz parçası.

Ən iri A.-lər Antarktida və Qrenlandiyanın şelf buzlaqlarından qopur. Antarktida materikinin sahəsinin 98%-i, Qrenlandiya adasının sahəsinin təqribən 85%-i belə buzlaqlarla örtülüdür. A.-in qət etdiyi məsafə onun ölçüsündən asılıdır. Qrenlandiyadan (60-70° şm.e.) ayrılan A.-lər su cərəyanları vasitəsilə Nyufaundlend adasına qədər (48° şm.e.) gəlib çatır. Antarktida ətrafında A.-lərin iki dreyf zonası var: şərqdən qərbə atmosfer sirkulyasiyası ilə əlaqədar sahilyanı dreyf zonası və dayanıqlı şərq cərəyanı ilə əlaqədar şərq dreyf zonası. Şərqi Antarktidada tərkibindəki şirin suyun həcmi 4165 km³-ə çatan on minlərlə A. müşahidə edilib. Buzun və dəniz suyunun sıxlığından asılı olaraq A.-lərin kütləsinin təqribən 5/6 hissəsi su altında qalır. Onlar gəmilər üçün böyük təhlükə törədir. 1912-ci il aprelin 14-də Liverpuldan Nyu-Yorka gedən nəhəng sərnişin gəmisi “Titanik” məhz A.-lə toqquşma nəticəsində məhv olmuşdu.

Coğrafiya terminləri lüğəti