Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

batial zona

yun. bathys – dərin + yun. zone – qurşaq

Dünya okeanının 200 metrdən 2000 metrə qədər dərinliyində olan, kontinental şelfabissal zona arasında qalan hissəsi.

Dünya okeanının təxminən 15%-ni təşkil edir, materikə söykənən sərhədlərində meyillilik böyük olur. Burada suyun hərəkəti zəif, temperatur aşağı, lakin abissal zonaya nisbətən bir qədər yüksək olur. Canlı aləm, əsasən, dəniz kirpiləri, dəniz ulduzları, xərçəngkimilər, süngərlər, qurdlardan ibarətdir. Dərinə getdikcə bitki və heyvanlar aləmi kasadlaşır. B.Z.-ya işıq, demək olar ki, düşmür.

See also:

Coğrafiya terminləri lüğəti

batiqrafik əyri

yun. bathys – dərin + yun. grapho – yazıram, təsvir edirəm

Düzbucaqlı koordinatlar sistemində su hövzələrinin dərinliklər nisbətini əks etdirən əyri xətt.

B.Ə.-ni tərtib etmək üçün su hövzəsinin dərinliklərinin izobatlarla əks olunduğu xəritələrdən və ya xüsusi cədvəllərdən istifadə edilir. B.Ə. ordinat xətti üzrə sıfır metrdən (su səviyyəsindən) aşağı dərinlikləri göstərir.

Coğrafiya terminləri lüğəti

batometr

yun. bathos – dərin + yun. metreo – ölçürəm

Su hövzələrinin müxtəlif dərinliklərindən, habelə dərin quyulardan su nümunələri götürmək üçün istifadə olunan hidroloji cihaz.

B.-in köməyi ilə dərin suların tərkibini, kimyəvi xassələrini öyrənirlər. Bu cihazın gövdəsinə xüsusi termometr bərkitməklə dərinliklərdə suyun temperaturunu da ölçmək mümkündür.

Coğrafiya terminləri lüğəti

Baykal qırışıqlığı

Kriptozoy eonu dövründə təqribən 550-650 milyon il davam etmiş dağəmələgəlmə mərhələsi.

Termin ilk dəfə 1932-ci ildə rus geoloqu Şatski tərəfindən işlədilib. Bu mərhələdə planetimizdə ən qədim qırışıqlar, yəni ilk dağlıq ərazilər (Baykalətrafı dağlar, Şərqi Sayan dağları) yaranıb. Sonradan bu dağlar aşılanaraq parçalanıb, Yer səthinin ilk sabit hissələri olan qədim platformaları əmələ gətirib.

See also:

Coğrafiya terminləri lüğəti

bazalt təbəqəsi

lat. Basaltes – Fələstində ərazinin adından

Yer qabığını təşkil edən alt təbəqə.

Yerin yuxarı mantiyası ilə qranit təbəqə arasında yerləşir. Materik tipli Yer qabığında B.T.-nin qalınlığı 15-35 km, okean dibində isə 5-10 km-dir. B.T. maddəsinin orta sıxlığı materik Yer qabığında 2,9 q/sm3, okean Yer qabığında isə 3,0-3,1 q/sm3-dir. Dəqiq tərkibi bəlli deyil. Lakin B.T.-nin yerini seysmik tədqiqatlar nəticəsində müəyyənləşdirmiş alimlər eyni əsasla güman edirlər ki, bu təbəqə qabbro tipli əsaslı süxurlardan və yüksək metamorfizmləşmiş süxurlardan ibarətdir.

See also:

Coğrafiya terminləri lüğəti

biofilota

yun. bios – həyat + yun. philos – doğma

Müəyyən arealın florası və faunası.

B. – hər hansı regionun tarixən formalaşmış canlı aləmidir, xüsusilə qapalı ərazilərdə, məsələn, adalarda öz fərdiliyini daha aydın nümayiş etdirir. B. biota termininə nisbətən daha konkret məna kəsb edir.

Coğrafiya terminləri lüğəti

bio...

yun. bios – həyat

1. Mürəkkəb sözlərin həyata, həyat proseslərinə aidlik bildirən tərkib hissəsi; məs.: biogenetika, biosfer.

2. Biologiyaya aidlik bildirən, onun digər sözlərin əvvəlinə əlavə edilən qısa forması; məs.: biopolimerlər, biofiltr, bioenergetika.

Coğrafiya terminləri lüğəti

bəyaz gecələr

Qütb dairəsi ətrafında ilin yay fəslində müşahidə edilən işıqlı gecələr.

Yayda günəş bu ərazilərdə bir müddət gecələr üfüq xəttindən maksimum 7° aşağı enir. Nəticədə axşam şəfəqi səhərədək bitmir, gecə başa çatdıqda səhər şəfəqinə çevrilir. Bu hadisəyə Yerin fırlanma oxunun planetin orbit müstəvisinə perpendikulyara nisbətən meyilliliyi səbəb olur. B.G. may-iyul aylarında Rusiyanın, Skandinaviyanın, Kanadanın və s. şimal şəhərlərində bir neçə həftə (məsələn, Sankt-Peterburqda üç, Arxangelskdə altı həftə) davam edir.

Coğrafiya terminləri lüğəti