Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

ada

Hər tərəfdən su ilə əhatə olunmuş, materikə nisbətən kiçik, suyun qabarması zamanı belə su səthindən yüksəkdə olan, təbii yolla yaranmış quru sahəsi.

A.-lar okeanlarda, dənizlərdə, çaylarda, göllərdə tək-tək və ya qrup halında (arxipelaq) olur. Planetimizdə bütün A.-ların ümumi sahəsi 9,9 mln. km²-dir. Sahəsinə görə ən böyük A. Qrenlandiya, əhalisinin sayına görə ən böyük A. Yava A.-sıdır. Mənşəyinə görə A. üç qrupa bölünür: materik A.-ları, vulkanik A.-lar və mərcan A.-ları. Bundan başqa, A.-lar insan məskunlaşan və insan məskunlaşmayan olmaqla daha iki qrupa ayrılır. Yer kürəsində daimi insan yaşamayan ən böyük A. Kanada-Arktika arxipelaqında Devon A.-sıdır (55,2 min km²).

See also:

Coğrafiya terminləri lüğəti

ada qövsləri

Materik və okean tipli litosfer tavalarının toqquşma zonasında yaranan və seysmik cəhətdən aktiv olan zəncirvarı adalar qrupu.

Aleut, Kuril, Yapon, Filippin, Antil adaları və s. A.Q.-nə aiddir. A.Q.-nin əsasını vulkanik süxurlardan ibarət, eni 40-50 km-dən 200-4000 km-ə qədər, uzunluğu 1000 km və daha çox olan sualtı qalxmalar təşkil edir. A.Q. hazırda Yer qabığının ən fəal vulkanik sahələri olub müasir geosinklinal sahələrə uyğun gəlir.

Coğrafiya terminləri lüğəti

adır

türk. – alçaq dağlıq ərazi

Orta Asiyada, dağ ətəklərində çoxlu yarğanları olan relyef forması.

Hündürlüyü 100-400 metr arasında olan belə təpəliklərə yarımsəhra və səhra landşaftı daxilində daha çox rast gəlinir. A.-da neft, qaz və duz yataqları olur, buranın iqlimi quraq, canlı aləmi kasıbdır.

Coğrafiya terminləri lüğəti

adveksiya

lat. advectio – aparılma, çatdırılma

1. Təzyiqin və temperaturun dəyişməsi ilə əlaqədar hava kütləsinin öz xassələrini saxlamaqla üfüqi istiqamətdə yerdəyişməsi.

Bəzi meteoroloji proseslərin baş verməsində isti və soyuq, quru və rütubətli hava kütlələrinin A.-sının mühüm rolu var.

2. Okeanologiyada: suyun öz xüsusiyyətlərini saxlamaqla həm üfüqi, həm də şaquli istiqamətdə yerdəyişməsi.

Coğrafiya terminləri lüğəti

advektiv duman

Havanın daha soyuq səth üzərində hərəkəti – adveksiyası – zamanı soyuması nəticəsində əmələ gələn duman.

A.D.-ın intensivliyi səth və havanın rütubətliliyindən asılıdır. A.D. geniş əraziləri əhatə etməklə həm də xeyli hündürlüyə malik ola bilir. Dünya okeanında isti və soyuq dəniz cərəyanlarının qarışdığı sahələrdə də A.D.-lar yaranır ki, onlara “dəniz dumanları” deyilir.

Coğrafiya terminləri lüğəti

aerofototopoqrafiya

Havadan çəkilmiş fotomateriallar (aeroşəkillər) əsasında topoqrafik xəritələrin tərtib üsullarını öyrənən elm sahəsi, aerofotogeodeziya.

Kombinə edilmiş çəkiliş metodunu öyrənən A.-da xəritənin konturları aeroşəkillər əsasında tərtib olunur. Bu metoddan daha çox irimiqyaslı xəritələrin hazırlanması üçün istifadə edilir. Stereotopoqrafik metodu öyrənən A.-da konturlar aeroşəkillərin fotoqrammetrik təhlili əsasında tərtib olunur. Bu metoddan daha çox kiçikmiqyaslı xəritələrin hazırlanması üçün istifadə edilir.

See also:

Coğrafiya terminləri lüğəti

aerologiya

yun. aero – hava + yun. logos – elm

1. Meteorologiyada: atmosferin yuxarı qatlarını öyrənən elm sahəsi.

A. həm də sərbəst atmosferdə baş verən fiziki hadisə və prosesləri müşahidə edir, onları araşdırır. Aeroloji müşahidələr xüsusi cihazlarla aparılır.

2. Geologiyada: mədənlərin atmosferini, yeraltı boşluqlarda və yollarda havanın tərkibini və onun hərəkət xüsusiyyətlərini öyrənən elm sahəsi.

A. aeromexanika və termodinamikanın qanunlarından, tədqiqat metodlarından istifadə edir.

See also:

Coğrafiya terminləri lüğəti

aeroloji cihazlar

Atmosferin yuxarı qatlarını öyrənmək üçün istifadə olunan cihazlar.

Bunlar təyyarə, şar, zond, raket, süni peyk vasitəsilə havaya qaldırılan, özüyazan və göstəricilərini radio ilə Yerə ötürən cihazlardır (məs.: meteoroqraf, radiozond, radioteodolit, radiolokator və s.). A.C. müxtəlif yüksəkliklərdə temperaturu, təzyiqi, rütubətliliyi, günəş radiasiyasını, buludların yuxarı və aşağı sərhədlərini, atmosferdə ozonun və aerozolların miqdarını, elektrik sahəsinin potensialını və s.-ni qeydə alır.

Coğrafiya terminləri lüğəti