Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

aeronomiya

yun. aero – hava + yun. nomos – qanun

Atmosferin yuxarı qatlarını (mezosfer, ionosfer) tədqiq edən elm sahəsi, atmosfer fizikasının bölməsi.

A. atmosferin aşağı qatlarını öyrənən meteorologiyadan fərqli olaraq, onun yuxarı qatlarının tərkibini, temperaturunu, sıxlığını, günəş radiasiyasının hava atom və molekullarına təsirini araşdırır. Bu elm sahəsi öz tədqiqatlarında zondlardan alınan məlumatlara, radiodalğaların yayılması üzərində müşahidə və spektral analiz kimi metodlara əsaslanır.

Coğrafiya terminləri lüğəti

aerotermik qradiyent

yun. aero – hava + yun. therme – isti + lat. gradientis – addımlayan

Atmosfer qatlarında şaquli istiqamətdə vahid məsafədə temperaturun dərəcələrlə dəyişməsi.

Atmosferin ən aşağı qatı olan troposferdə şaquli istiqamətdə hər 100 m-də temperatur orta hesabla 0,6 °C azalır. Nəticədə dağların zirvəsində daimi qar örtüyü və buzlaqlar formalaşır. Lakin bu qanunauyğunluq atmosferin bəzi qatlarında pozulur: yüksəkliyə qalxdıqca temperatur artır və beləliklə, temperatur inversiyası hadisəsi baş verir. Temperaturun şaquli istiqamətdə azalması yalnız troposfer və mezosfer qatları üçün səciyyəvidir. Digər 3 qatda isə (stratosfer, termosferekzosfer) yüksəklik artdıqca, temperatur da artır.

See also:

Coğrafiya terminləri lüğəti

aerotermik pillə

yun. aero – hava + yun. therme – isti

Atmosferdə havanın temperaturunun şaquli istiqamətdə dəyişməsi üçün lazım olan məsafə.

Atmosferin ayrı-ayrı qatlarında bu məsafə fərqlidir; məsələn, troposferdə A.P. orta hesabla hər 1°C üçün 167 m-ə bərabərdir. Lakin hava axınlarından, küləyin gücündən, buludluluqdan və s.-dən asılı olaraq bu rəqəm dəyişir.

See also:

Coğrafiya terminləri lüğəti

afeli

yun. apo uzaqlıq + yun. Helios Günəş

Günəş ətrafında fırlanan planetlərin, asteroidkometaların orbitinin Günəşdən ən uzaq nöqtəsi.

Yer hər il iyulun 5-də A.-dən keçir və bu vaxt Günəşdən 152 mln. km məsafədə olur.

See also:

Coğrafiya terminləri lüğəti

afotik zona

yun. a – inkar şəkilçisi + yun. photos – işıq

Dünya okeanında bitki orqanizmlərinin fotosintezi üçün işığın kifayət etmədiyi dərinliklər.

Okeanlarda A.Z.-nın yuxarı sərhədi okean səthinin işıqlanma dərəcəsinin 1%-i qədər işıq olan dərinliklərdən keçir. Bu, təxminən 200 m-dən aşağıda yerləşən qaranlıq zonanı əhatə edir. Şirin su hövzələrində A.Z.-nın sərhədi xeyli yuxarıda yerləşir.

Coğrafiya terminləri lüğəti

ağ yel

Quru və isti külək.

A.Y. Yer kürəsinin arid iqlimə malik olan bölgələrində ilin isti dövründə müşahidə olunur. Azərbaycanda, əsasən, Kür-Araz ovalığında, Naxçıvan MR-də (hündürlüyü 1500 m-ə qədər olan yerlərdə), Böyük və Kiçik Qafqazın dağətəyi hissəsində şərq və cənub-şərq istiqamətində əsir. A.Y. bitkilər üçün zərərlidir; onların inkişafını zəiflədir və bəzən məhv edir.

Coğrafiya terminləri lüğəti

axmaz göl

Çay dərəsinin yerdəyişməsi zamanı əvvəlki çay dərəsində yaranan göl.

Belə göllər, əsasən, ilin müəyyən dövründə çay daşqınları ilə qidalanır və şirinsulu olur. Lakin arid ərazilərdə bəzi A.G.-lər var ki, yüksək buxarlanma səbəbindən onların suyu şordur. Yarımsəhra landşaft zonasından axan Kür çayının əvvəlki yatağında yaranmış Sarısu, Ağgöl, Mehman və Hacıqabul belə göllərə aiddir. Macarıstanda yerləşən Balaton gölü də Dunay çayının əvvəlki yatağında yaranıb.

Coğrafiya terminləri lüğəti

akklimatizasiya

lat. a – sözönü + yun. klima – iqlim

Orqanizmlərin yeni yaşayış şəraitinə uyğunlaşdırılması prosesi.

A. təsərrüfat təcrübəsində ən çox bitki və heyvanların yayılması ilə əlaqədardır. Heyvanları yeni biosenozlara (ərazilərə, regionlara və s.) iqlimləşdirərkən iqlimləşən formanın eyni qida ilə qidalanan orqanizmlərlə rəqabət təşkil etməsi, müəyyən yırtıcılar tərəfindən məhv edilməsi, yaxud xəstəliklərə tutulması gözlənilə bilər. Heyvanların iqlimləşdirilməsində qida, iqlim şəraiti, torpaq və s. mühüm rol oynayır. A.-nın müstəqil bir sahəsi reakklimatizasiyadır. Ölkəmizdə bir çox qiymətli, ov, sənaye əhəmiyyətli heyvanların və kənd təsərrüfatı bitkilərinin iqlimləşdirilməsi sahəsində xeyli işlər görülmüşdür.

Coğrafiya terminləri lüğəti