Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

endogen proseslər

yun. endon – daxili + yun. genos – yaranma + lat. processus – irəliləyiş

Yer daxilində istilik enerjisinin, qravitasiya fərqinin yaratdığı yerdəyişmələrin və s.-nin təsiri altında baş verən geoloji proseslər.

E.P.-ə tektonik, metamorfik, maqmatik, hidrotermal və s. proseslər aiddir. Faydalı qazıntı yataqlarının əksəriyyəti E.P. nəticəsində əmələ gəlib.

See also:

Coğrafiya terminləri lüğəti

eol çöküntüləri

qədim yunan mifologiyasında külək allahı Eolun adından

Küləyin gətirib yığdığı qırıntılardan, qum dənələrindən ibarət çöküntülər.

E.Ç., əsasən, yarımsəhra və səhra zonalarında (Böyük Səhrada, Təklə-Məkanda, Qobidə, Qızılqumda, Qaraqumda) yayılıb, onlar toplaşdıqları yerlərdə müxtəlif akkumulyativ relyef formaları (dyun, barxan və s.) əmələ gətirir. E.Ç.-nin ilkin materialı süxurların aşınma məhsulu və müxtəlif mənşəli (dəniz, çay, göl və s.) qumlardır. Belə çöküntülərə həmçinin dəniz sahillərində, böyük çayların dərələrində, göllərin çuxurlarında da rast gəlinir. Eol qumları kənd təsərrüfatına böyük ziyan vurur; əkin sahələrini örtür, suvarma kanallarını doldurur və yolları tutur.

Coğrafiya terminləri lüğəti

eol göl

Küləyin qumu sovuraraq dərinləşdirdiyi çalalarda və ya dyun, barxan təpələri arasındakı çökəkliklərdə yaranan göl.

Adətən, belə gölün dərinliyi az, sahəsi kiçik olur: məsələn, Qazaxıstanda Teke gölü.

Coğrafiya terminləri lüğəti

eon

yun. aion – zaman

Yerin geoxronoloji bölgüsündə ən böyük vaxt vahidi.

Yer planetinin geoloji inkişaf mərhələsi iki E.-a bölünür: Kriptozoy (Kembriyəqədərki E.) və Fanerozoy. “Kriptozoy” termini “gizli həyat”, “Fanerozoy” termini isə “aşkar həyat” kimi tərcümə edilir. Bu adlar E.-lara həmin dövrlərə aid süxurlarda heyvan qalıqlarının aşkar olunub-olunmaması əsas götürülərək verilib. Birinci E. – Kriptozoyun adı və stratiqrafik bölgüsü barədə elmi mübahisələr uzun müddət davam etməkdədir və bu, lüğətlərdə, ensiklopediyalarda öz əksini tapır. Onların bəzilərində belə bölgünün olmadığı, digərlərində 2, yaxud 3 dövr (era) bölgüsünün olduğu göstərilir. Lakin Beynəlxalq Stratiqrafiya Komissiyasının 2013-cü ildə tərtib edərək sayta yerləşdirdiyi geoloji vaxt xəritəsini əsas götürsək, Kembriyəqədərki E. üç hissəyə ayrılır: Heyden (Yerin yaranma tarixindən – 4,6-3,9 mlrd. il əvvələdək), Arxey (3,9-2,5 mlrd. il əvvələdək), Proterozoy (2,5 mlrd. – 540 mln. il əvvələdək). Fanerozoy E.-na isə (təxminən 540 mln. il əvvəldən bu günədək) Paleozoy, MezozoyKaynozoy eraları aiddir. E. termini ilk dəfə 1875-ci ildə amerikalı geoloq Ceyms Dana tərəfindən elmə daxil edilib.

Coğrafiya terminləri lüğəti

eonotema

yun. aion – zaman + yun. thema – müzakirə mövzusu, məğz

Hər hansı geoloji eona aid süxur qatları, qalıqlar və çöküntülər.

E. litosferin, hidrosferin və biosferin (üzvi aləmin) inkişafında ən böyük, bir-birindən prinsipial fərqlənən mərhələləri səciyyələndirir.

Coğrafiya terminləri lüğəti

epeyrogenik hərəkətlər

Tektonik hərəkətlər nəticəsində Yer qabığının tədricən, çox yavaş sürətlə qalxması və enməsi.

E.H. dağ süxurlarının yatımında gözlə görünəcək dəyişikliklərə səbəb olmur. Bu prosesin getdiyi yerlərdə zaman keçdikcə qalxma hərəkəti enmə ilə və əksinə, enmə hərəkəti qalxma ilə əvəz olunur. E.H.-in sürəti müxtəlif sahələrdə fərqlidir; məsələn, son mərhələdə İsveçin Botnik körfəzi sahilləri ildə 11 mm qalxır, Hollandiya ərazisi isə ildə 1 mm çökür. Şərqi Avropada ən güclü qalxma Ukraynada Lvov şəhərindən cənub-qərbdə (12 mm/il) müşahidə edilir.

Coğrafiya terminləri lüğəti