Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

Karbon dövrü

lat. carbo – ağac kömürü

Yerin geoloji tarixində Paleozoy erasının beşinci geoloji dövrü.

K.D. təxminən 360 mln. il əvvəl Devon dövründən sonra başlanıb və 60-70 mln. il – Paleozoy erasının son dövrü olan Permə qədər davam edib. Bu müddətdə planetdə güclü kömürəmələgəlmə prosesləri getdiyi üçün belə adlandırılıb. K.D.-ndə geniş mərcan rifləri, ilk sürünən heyvanlar və çılpaqtoxumlu bitkilər yaranıb. Termin ingilis geoloqları Uilyam Konibear və Uilyam Filips tərəfindən elmə daxil edilib.

See also:

Coğrafiya terminləri lüğəti

karst

Sloveniyada yerləşən Kras platosunun adından

1. Suyun dağ süxurlarını əritməsi və süxurlarda boşluqlar, Yer səthində, habelə Yerin altında özünəməxsus relyef formaları əmələ gətirməsi hadisəsi.

K. asanəriyən süxur (əhəngdaşı, dolomit, təbaşir, gips, daşduz) qatlarında daha yaxşı inkişaf edir, Yer səthində mənfi relyef formaları, bir sıra hallarda Yerin dərinliklərində böyük boşluqlar yaradır.

2. Suyun dağ süxurlarını əritməsi və süxurlarda boşluqlar yaratması nəticəsində əmələ gələn özünəməxsus relyef formaları.

Yerüstü K.-lara karlar, yeraltı K.-lara isə mağaralar misal ola bilər.

Coğrafiya terminləri lüğəti

karst landşaftı

Karst relyef formalarının inkişaf etdiyi ərazilərin landşaftı.

Mülayim qurşaqda K.L. səthin kələ-kötürlülüyü, çala və çökəkliklərin çoxluğu, səth suları şəbəkəsinin zəif inkişaf etməsi, qrunt sularının dərin yerləşməsi, yeraltı boşluqların və mağaraların olması ilə səciyyələnir. Subtropiktropik qurşaqlar üçün çılpaq və ya seyrək bitki örtüyünə malik daşlı K.L. xarakterikdir.

See also:

Coğrafiya terminləri lüğəti

kartoqrafik proyeksiya

yun. chartes – papirus vərəqi + yun. grapho – yazıram, təsvir edirəm + lat. projectio – irəli sıçrayış

Yer səthinin, yaxud kürə formalı digər göy cisimlərinin müstəvi üzərində təsvirinin riyazi üsulu.

Bu zaman qlobusda meridianparalellərin yaratdığı dərəcə toru xəritə üzərində coğrafi enlik və uzunluqların əmələ gətirdiyi kartoqrafik şəbəkə ilə əvəz edilir. Kürəşəkilli cismi (əslində isə Yer daha mürəkkəb geoid formasına malikdir) müstəvi üzərinə köçürərkən istənilən proyeksiyada olduğu kimi, K.P.-da da uzunluq, sahə, forma, dərəcə təhrifləri yaranır. Xəritə nə qədər kiçikmiqyaslıdırsa, təhrif bir o qədər az nəzərə çarpır. K.P. meridian və paralellərin müstəvi üzərinə köçürülməsi üsulundan asılı olaraq müxtəlif növlərə bölünür: konus formalı, silindr formalı, azimutlar üzrə və çoxüzlü proyeksiya.

Coğrafiya terminləri lüğəti

kartoqrafik təsvir vasitələri

yun. chartes – papirus vərəqi + yun. grapho – yazıram, təsvir edirəm

Obyektləri, hadisələri xəritə üzərində təsvir etmək üçün istifadə olunan şərti işarələr sistemi.

Şərti işarələrdən istifadə xəritələri digər qrafik modellərdən (məsələn, aeroşəkillərdən) fərqləndirən əsas amildir. Bu işarələr vasitəsilə obyekt və hadisələrin xəritədə yeri, forması, ölçüsü, strukturu, dinamikası, digər xüsusiyyətləri əks etdirilir. K.T.V.-ni kartoqrafiya elminin semiotika bölməsi işləyib hazırlayır. K.T.V.-nə xətti işarələr (sahil xətlərini, yolları, atmosfer cəbhələrini, inzibati sərhədləri və s.-ni göstərmək üçün), izoxətlər (relyef, təzyiq, temperatur xüsusiyyətlərini və s.-ni əks etdirmək üçün), nöqtələr (məsələn, hadisələrin kütləviliyini, yaxud fərdiliyini səciyyələndirmək üçün), dairələr (yaşayış məntəqələri, arealları, onların yerini və ölçüsünü bildirmək üçün) kartodiaqramlar və başqa işarələr daxildir.

Coğrafiya terminləri lüğəti