Reklam
Reklam
Topic: Tarix
Sub-Topic: Orta əsrlər
The author: Elnur Astanbəyli

Azərbaycan tarixini dəyişdirən toy hansıdır?

 

1335‐ci ildə Elxanlı dövlətinin axırıncı böyük hökmdarı Sultan Əbu Səid Bahadur öldü, bəzi iddialara görə isə qısqanclıq zəminində həyat yoldaşı Bağdad Xatun tərəfindən öldürüldü. Bununla da Elxanlının süqutu başladı. Hakimiyyət Elxanlı dövlətinin əsas sütunları hesab olunan uyrat, cəlairi, çobanlı, sutay kimi böyük tayfa əmirlərinin istəklərinə uyğun hərəkət edən zəif xanların əlinə keçdi.

Həmin vaxt İraq‐Ərəb bölgəsi cəlairilərin, Azərbaycan çobanilərin, Şərqi Anadolu isə uyrat və sutayların mülkiyyətində idi. Bölgənin digər köklü və güclü türk boyları ilə onların əmirləri isə pusquya yatmışdılar. Yuxarıda adları çəkilən tayfalardan çıxmış noyonların (monqol feodalları), əmirlərin bütün şıltaqlıqlarına, qanunsuzluqlarına, özbaşınalıqlarına boyun əyərək növbənin özlərinə çatacağı günü gözləyirdilər.

 

Yasa dönən toy

1335-1350‐ci illər arasında Elxanlı tayfaları və əmirləri arasında ixtilaf getdikcə güclənirdi. Gün keçdikcə bir az da şiddətlənən bu mübarizəni kənardan izləyən türk tayfaları tədricən dirçəlməyə başladılar. Elxanlı taxtı uğrunda gedən mübarizə elə amansız hal aldı ki, 1340‐cı ildə əmirlər çarəsiz vəziyyətdə qaldılar – indi onlar Elxanlı xanədanının banisi Hülakü xanın soyundan kimisə tapıb taxta çıxara bilmirdilər. Daha aydın desək, Elxanlı dövlətinin taxt‐tacı uğrunda savaş, faktiki olaraq, Çingizin nəslini qurutmuşdu...

Elxanlı tayfalarını ətrafında birləşdirən müqəddəs soyun varlığı ortadan qalxınca, hər tayfa öz hesabına bu boşluğu doldurmaq fikrinə düşdü. Həmin vaxt başqa bir ciddi hadisə baş verdi – Şərqi və Cənub‐Şərqi Anadoluya hakim olan sutayların böyük əmiri, iki ildir yatalaq xəstəsi olan İbrahim şah 1350‐ci ildə öldü. Onun ölümündən sonra Sutaylar əmirliyinin başına Hacı Turqay oğlu Pir Məhəmməd keçdi. Monqol kökənli olan Pir Məhəmməd Mosulu tutub öz hakimiyyətini qanuniləşdirmək üçün İbrahim şahın Mardindəki dul qızı ilə evlənmək istədi. Bu məqsədlə Mardinə doğru yola çıxdı və Əhər kənarında ordugah qurdu. Ardınca isə Mardin hakimi Məlik Salihdən İbrahim şahın qızını istədi. Qızı öz himayəsində saxlayan Məlik Salih etiraz etmədi. Hər iki tərəf dərhal toy hazırlıqlarına başladı. Hər şey yolunda gedirdi. Şəhər kənarındakı böyük ovalıqda çadırlar qurulmuşdu. Hər kəs sevinc əhvali‐ruhiyyəsində idi. Pir Məhəmməd isə çox həyəcanlı görünürdü. Onu həyəcanlandıran dul monqol əsilzadəsi ilə evlənməsi deyildi. Törəyə əsasən bir çox qiymətli hədiyyələrlə yanaşı, Mardin də cehiz olaraq Pir Məhəmmədə veriləcəkdi. Lakin hadisələrin axarı qəfildən dəyişdi: toya bir neçə gün qalmış bəyin öldürüldüyü xəbəri gəldi və aləm qarışdı.

 

Monqol çağının qürubu və Qaraqoyunlu səltənətinin doğuluşu

Pir Məhəmmədi ən yaxın silahdaşı və ordu əmiri Pir Hüseyn boğazlamışdı. Bu hadisədə qeyri‐adi heç nə yox idi: həmin dövrdə müxtəlif maraqlar naminə belə qətllər adi hal almışdı. Pir Məhəmmədin öldürülməsini də onlardan biri kimi qiymətləndirmək olardı. Lakin bir önəmli nüans var idi ki, bu qətlin mahiyyətini tamamilə dəyişdirirdi. Belə ki, bir monqol əmirini, özü də, elə onun toy çadırındaca adi bir türkmən bəyi öldürmüşdü! Bu, monqol çağının da sonu demək idi. Təsadüfi deyil ki, heç bir monqol hökmdarı və ya əmiri həmin cinayətin hesabını soruşmadı. Beləliklə, Anadoludakı yüz illik siyasi səhnə bir andaca dəyişdi. Orta Şərqdə türkmən çağı nakam bir toy hekayəsi ilə başladı! Bircə gecənin içində monqolların izi bütün Anadoludan silinmişdi. O vaxtadək səssiz şəkildə intiqam anını gözləyən türk tayfaları tarixdə tamamilə yeni səhifə açdılar. Türklər monqol əmirlərinə və soylarına elə toy tutdular ki, on il sonra böyük bir coğrafiyada monqollardan əsər‐əlamət qalmadı. Tarix Çingiz xanın hesabını onun nəticələrindən amansızcasına almışdı!

Mardində əmirlik taxtına oturan Pir Hüseyn qısa vaxtda sutayların nəzarətindəki bütün ərazilərə sahibləndi. Bununla da Anadolu iki böyük tayfa ittifaqı tərəfindən bölüşdürüldü. İndi bölgənin sahibi olaraq bir tərəfdə qaraqoyunlular, digər tərəfdə isə ağqoyunlular var idi.

Pir Hüseynin qələbəsini bütün türk bəyləri alqışla qarşıladılar. Qaraqoyunluların əmiri Bayram Xoca ona öz dostluğunu və müttəfiqliyini təklif etdi. Hətta bəzi müharibələrdə düşmənə qarşı çiyin-çiyinə döyüşdülər. Ancaq bu dostluq qısa sürdü. Hicri təqvimlə 752‐ci ildə (Miladi təqvimlə 1351‐ci il) Əyn əl‐Kiyara deyilən yerdə Bayram Xoca öz müttəfiqini – Pir Hüseyni öldürdü. Beləliklə, Qaraqoyunluların səltənəti başlamış oldu.

Beləliklə, yaxın gələcəkdə Azərbaycanın da daxil olduğu böyük bir coğrafiyada monqol hegemoniyasına son qoyulması və bölgənin taleyində yeni səhifə açan Qaraqoyunlu dövlətinin ortaya çıxması ilə nəticələnən hadisələrin başlanğıc nöqtəsi baxımından Pir Məhəmmədin öldürülməsi həlledici amil oldu. Onun Mardin hakiminin qızı ilə izdivac öncəsində qətlə yetirilməsi səbəbindən baş tutmayan toy isə hər bir halda tarixə yasa dönən, ancaq tarixi dəyişdirən toy kimi düşdü.

 

 

Mənbə: Əkbər N.Nəcəf. Qara Yusif. “Altun kitab” nəşriyyatı, Bakı-2022