Reklam
Reklam
Topic: Tarix
Sub-Topic: Orta əsrlər
The author: Elnur Astanbəyli

Çingiz xanın qəbri hardadır?

Monqol xanı Çingizin xəzinəsi hardadır? Bu suala yüzillərdir, cavab axtarılır.

Çingiz xan bir zamanlar Sakit okean ilə Xəzər dənizi arasındakı böyük bir ərazini idarə edib. Ölüm ayağında ikən gizli dəfn olunmasını istəyib. Onun cansız bədənini basdırmağa aparan xüsusi qoşun qarşısına çıxan hər kəsi öldürüb ki, cənazənin getdiyi yolu kimsə öyrənməsin. Dəfndən sonra isə qəbrin üzərində minlərlə at o tərəf-bu tərəfə yeridilib ki, qəbrin izi qalmasın. Üstəlik, böyük xanı dəfn edib geri qayıdanlar yolun yarısında başqa bir qoşun tərəfindən qılıncdan keçirilib. Beləliklə, şahidlər tamamilə aradan götürülüb. Həm italyan səyyahı Mark Polo, həm də fars tarixçisi Fəzlullah Rəşidəddin bunu təsdiqləyirlər. Onların yazdığına görə, qəbrin izini itirmək üçün Çingiz xanın dəfnində iştirak edən hər kəs sonradan öldürülüb.

 

Naməlum məzar və... itkin çay!

Uzun illərdir, xarici ekspedisiyalar məzarın yerini müxtəlif tarixi mənbələr, köhnə xəritələr, hətta dünyaca məşhur “National Geographic” jurnalının “Xanlar vadisi” layihəsi (Valley of Khans Project) adlı araşdırması çərçivəsində peyk vasitəsilə müəyyənləşdirməyə çalışıblar. Lakin bütün səylər nəticəsiz qalıb.

Yeri gəlmişkən, bəzi iddialara görə, SSRİ zamanı, daha dəqiq desək, 1937-ci ildə qəbrin harada yerləşməsi haqda müəyyən təxminlər olub, lakin həmin təxminləri doğrultmaq üçün aparılan axtarışda iştirak edənlərin başına çoxlu bəlalar gəlib. Bu mistik yanaşmanın başqa bir təzahürü barədə isə bir qədər sonra danışacağıq.

Vaxtilə həvəskar arxeoloq Mori Kravits əmin idi ki, Çingiz xanın qəbri Monqolustanın şimal-şərqindəki Xentiy vilayəti ərazisində, Burhan-Haldun dağından 100 km şərqdə yerləşir. Lakin bu iddia da indiyədək öz təsdiqini tapmayıb.

Hələ 15-ci əsrdə fransız katoliklər sərkərdənin böyük qələbələrə imza atdığı yerlərdən birini müəyyənləşdirmişdilər. Deyilənə görə, Çingiz xan həmin yeri çox sevirmiş. Söhbət Kerlen və Bruçi adlı çayların birləşdiyi ərazidən gedirdi. İndi kartoqraflar isə heç Bruçi çayının yerini belə tapa bilmirlər. Düzdür, Kravits təxmini yer müəyyənləşdirdiyini söyləyərək 2006-cı ildən orada qazıntı aparmağa başlamışdı. Lakin bu da bir nəticə verməmişdi...

 

Monqolların qorxusu

Ən maraqlısı isə odur ki, monqollar özləri qəbrin aşkarlanmasını istəmirlər. Bu, Çingiz xanın vətənində sevilmədiyi mənasına gəlmir. Əksinə, onun nəhəng heykəlinə sitayiş edirlər, onun əksini pulun, hətta müxtəlif içkilərin şüşəsinin üzərinə vururlar. Üstəlik, Monqolustanda əksər ailələr böyük xanın şəkli olan qobelen və portretlərə sahibdirlər. Bəziləri isə özlərini ali ailənin soyundan bilib “qızıl törəmə” adlandırır. Bir sözlə, monqollar üçün Çingiz xan hələ də öz ölkələrinin ən qüdrətli şəxsiyyəti kimi qəbul edilir. Onlar böyük xanın harada basdırıldığını bircə səbəbdən bilmək istəmirlər: “Məzar tapılarsa, dünya dağılacaq!”

Bu inanc 1941-ci ildə sovet arxeoloqlarının orta çağlarda yaşamış başqa bir qüdrətli hökmdarın – Əmir Teymurun qəbrinin açılmasından sonra yaranıb. Qəbir açılar-açılmaz nasistlər Sovet İttifaqını işğala başlamışdılar. İki hadisə arasında mistik əlaqə axtaranlar sonda Çingiz xanın məzarı aşkarlanarsa, dünyanın yeni, daha dəhşətli savaşa sürüklənəcəyinə inanırlar.

Çingiz xanın qəbrini tapmağa bir çox amil mane olur. Monqolustan ərazicə xeyli böyükdür və infrastruktur baxımından inkişaf etməyib. Sahəsinə görə Böyük Britaniyanın yeddi qatına bərabər olan bu ölkənin kiçik bir hissəsində normal yollar çəkilib. Əhalinin sıxlığı isə o qədər aşağıdır ki, Monqolustanda məskunlaşanların sayı Qrenlandiya və bir neçə adadan belə geri qalır.

 

Böyük xanın qəbrini tapmaq niyə çətindir?

Böyük xanın qəbrini tapmaq üçün yerli və xarici alimlərdən ibarət ilk birgə ekspedisiya Monqol Demokratik İnqilabı ilə eyni ildə – 1990-cı ildə baş tutub. Həmin ekspedisiyanın iştirakçılarından Dr.Dimaacav Erdenebaatarın fikrincə, monqollar hunlardan törəyib. Çingiz xan özü də eyni fikirdə olub. Bu səbəbdən də o basdırılarkən hunlara xas dəfn adətinə əməl edilməsi ehtimalı yüksəkdir. Bir sözlə, hun qəbirləri Çingiz xanın məzarının görünüşü ilə bağlı təsəvvür yaratmaqda köməkçi ola bilər. Hun xanları yerdən 20 sm dərinlikdə kamera şəkilli otaqlarda basdırılırlarmış. Sonra isə onun üzəri dördkünc daşla örtülərmiş.

Bu cür məzarlarla dolu olan Monqolustan kimi böyük ölkədə Çingiz xanın dəfn edildiyi yeri müəyyənləşdirmə, əlbəttə, asan deyil.

Dr.Erdeenbaatardan soruşanda ki, böyük xanın qəbri əvvəl-axır tapılacaq, ya yox, o həmin suala çiyinlərini çəkməklə cavab vermişdi...

Bir rəvayətə görə, Çingiz xan Ulan Batordan 160 km şimal-şərqdə yerləşən Kentii dağlarının Burxan Xaldun adlı zirvəsində basdırılıb. O, cavan ikən düşmənlərindən burada gizləndiyinə görə elə orada da dəfn edilməsini istədiyi güman olunur. Lakin əksini fikirləşənlər də var. “Kentii müqəddəs dağdırˮ – 13-cü əsr monqol tarixi üzrə mütəxəssis və Ulan Bator Dövlət Universitetinin tarix üzrə professoru Dr.Sodnom Tsolmon bir neçə il öncə belə demiş, sonra da əlavə eləmişdi: Ancaq bu demək deyil ki, xan orada dəfn edilib.ˮ

Alimlər Çingiz xanın məzarının yerini müəyyənləşdirməkdən ötrü hətta riyazi hesablamalara da əl atırlar. İntəhası, bundan da bir nəticə hasil olmayıb. Belə ki, qəbrin üzərində minlərlə atın var-gəl etməsindən çıxış edənlər Çingiz xanın hər hansı vadi və ya çöllükdə basdırıla biləcəyi qənaətinə gəliblər. Lakin məsələ ondadır ki, Monqolustanda belə yerlər də yetərincədir...

Əgər əcdadlarımız sonrakı nəsillərin məzarı tapmasını istəsəydilər, bir nişanə saxlayardılarˮ – monqolların çoxu belə düşünürlər. Onların fikrincə, məhz bu səbəbdən böyük xanın məzarını axtarmağa gərək yoxdur, ən azından əcdadların qərarına hörmət olaraq!

Xatırladaq ki, Böyük Monqol İmperiyasının banisi və ilk xaqanı olan Çingiz xan 1227-ci ildə, 55 yaşında vəfat edib.