Reklam
Reklam
Topic: Dilçilik
Sub-Topic: Punktuasiya
The author: Rafiq İsmayılov

Cümlənin həmcins üzvləri arasında vergül

 

Cümlənin həmcins üzvləri 1) eyni suala cavab verir, 2) eyni cümlə üzvü ilə bağlı olur, 3) bir-biri ilə sadalama intonasiyası ilə bağlanır. Cümlənin bütün üzvləri həmcins ola bilir.

  • Antologiyada nağıllar, dastanlar, bayatılar müxtəlif fəsillərdə qruplaşdırılıb.
  • Rəşid ucaboylu, enlikürək, cüssəli oğlan idi.
  • Bu otlardan dağ ətəklərində, çay kənarlarında çox görmüşəm.
  • Müəllim şagirdlərinin xarakterini möhkəmlətməli, dünyagörüşünü inkişaf etdirməli, ləyaqətli vətəndaşlar yetişdirməlidir. 

 

Cümlədə söz birləşmələrinin tərəflərindən biri də həmcins sözlərdən ibarət ola bilər. Bu halda da onların arasında vergül qoyulur:

  • O yerlərin dağını, dərəsini dolaşanda məni də yada salarsan.
  • O, doğma yurdun hər küçəsini, binasını, daşını böyük sevgi ilə seyr edirdi.

 

Vergüldən düzgün istifadə üçün həmcins üzvləri qeyri-həmcins üzvlərdən fərqləndirmək lazım gəlir. Bu isə bəzən o qədər də asan olmur. Yuxarıda həmcins üzvləri səciyyələndirən göstəriciləri, sadəcə, qayda xatirinə sadalamadıq. Onlardan bəzilərini bir daha xatırlayaq.

 

Həmcins üzvlər eyni cümlə üzvü ilə bağlı olur:

  • Onun gülümsər, mavi gözləri vardı.
  • Onun parlaq mavi gözləri vardı.

1-ci cümlədə “gülümsər” və “mavi” təyinləri həmcinsdir, çünki hər ikisi “gözlər”ə aiddir. Ona görə də vergül qoyulub. 2-ci cümlədə “parlaq” sözü “mavi”yə, “mavi” isə “gözlər”ə aiddir, ona görə də vergül qoyulmur.

 

  • Təhsil Nazirliyinin 29.07.2013-cü il tarixli 754 №-li əmri ilə təsdiq edilmişdir.

Bu cümlədə tarixdən sonra vergül qoyulmur, çünki 754 №-li əmrin 29.07.2013-cü ilə aid olduğu nəzərdə tutulur.

 

Belə bir qayda da var: həmcins üzvlər qrammatik cəhətdən bərabərhüquqlu olur. Əlbəttə, yazı prosesində cümlə üzvlərinin “hüquq”larını müəyyən etmək çətindir. Xüsusilə həmcins təyinləri qeyri-həmcins təyinlərdən fərqləndirmək bəzən müşkül məsələyə çevrilir. Belə hallarda məsləhət görürük ki, “sadalama intonasiyası” göstəricisini xatırlayasınız:

  • Esperanto heç bir konkret milli dilə bağlı olmayan sadə beynəlxalq dildir.
  • O, yaşına görə çox məsuliyyətli, davranışının yerini bilən, ağıllı oğlandır.

Birinci cümlədə sadalama intonasiyası yoxdur, ona görə də vergül qoyulmayıb. İkinci cümlədə isə təyinlər arasında pauza aydın hiss olunur.

 

Daha bir məsləhət: təyinlərin yerini dəyişin; əgər bu, mümkün deyilsə, deməli, onlar həmcins deyil.

 

Təyinlərdən biri sifətlə, digəri feili sifət tərkibi ilə ifadə olunduqda çox vaxt vergüllə bağlı mübahisəli məqamlar yaranır:

  • XIV əsrdə türklərin güclü, mükəmməl təşkilatlanmış ordusu vardı.
  • XIV əsrdə türklərin mükəmməl təşkilatlanmış güclü ordusu vardı.

Göründüyü kimi, təyinlərin yeri dəyişdikdə intonasiya da dəyişir.

 

Tövsiyə: Əgər təyinlərdən biri feili sifət tərkibi, digəri sifətlə ifadə olunubsa, feili sifət tərkibi əvvəldə olanda cümlə daha rahat oxunur. Əks halda bəzən sifətin hansı sözə aid olduğunu müəyyən etmək olmur:

  • Fırtına dağıdıcı, güclü dalğa yaradan küləkdir.
  • Fırtına güclü dalğa yaradan dağıdıcı küləkdir.

1-ci cümlədə intonasiyaya görə vergülə ehtiyac duyulur, lakin bu zaman “dağıdıcı” sözünün dalğaya, yoxsa küləyə aid olduğunu müəyyən etmək mümkün deyil.

 

Cümlələrdə qeyri-həmcins zərfliklərə də rast gəlinir. Onlar qrammatik forma baxımından oxşar olsalar da, zərfliyin müxtəlif növlərinə aid olur və fərqli suallara cavab verir. Ona görə də bu sözlər (birləşmələr) arasında vergül qoyulmur:

  • XV əsrdə İtaliyada mətbəəçi Manutsi qardaşları fəaliyyət göstərirdilər.

(XV əsrdə – zaman zərfliyi, İtaliyada – yer zərfliyi)

  • Onlar qumsal bir təpədə döyüşə hazır vəziyyətdə üz-üzə gəldilər.

(Təpədə – yer zərfliyi, döyüşə hazır vəziyyətdə – tərzi-hərəkət zərfliyi)

 

Cümlə üzvü ilə onun əlavəsi həmcins cümlə üzvlərinə çox bənzəyir, eyni qrammatik xüsusiyyətə malik olur:

  • Yuxarıda, başımın üzərində divardan tüfəng asılmışdı.
  • Biz, aşağıda imza edənlər bildiririk ki...

Cümlə üzvü ilə onun əlavəsi, eləcə də ümumiləşdirici sözlə həmcins üzvlər arasında başqa durğu işarələri də işlənə bilər.

Bax: Cümlə üzvü ilə onun əlavəsi arasında durğu işarələri

 

Bəzən sadalanan cümlə üzvlərinin bir hissəsi parçalanaraq mötərizədə verilir. Bu daha çox məkan və zaman bildirən sözlərə aiddir:

  • O, bir müddət Sakramento şəhərində (ABŞ, Kaliforniya) yaşadı.
  • Bentli anadan olanda (1888, London) artıq Bens avtomobili ixtira etmişdi.

 

 

Mənbə:

İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.